MƏDƏNİYYƏT

Azərbaycanlı müğənninin səsi türk musiqi tənqidçisini heyran edib

Məşhur vokal üzrə türk pedaqoq və musiqi eksperti Emre Yücelen Azərbaycanın əməkdar artisti Səbinə Babayevanın ifasını dinləyərkən hisslərini emosional tərzdə ifadə edib.
Sputnik

BAKI, 6 sentyabr — Sputnik. Məşhur vokal üzrə türk pedaqoq və musiqi eksperti Emre Yücelen Azərbaycanın əməkdar artisti Səbinə Babayevanın ifasını dinləyərkən onun səsinə heyran olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Yücelen özünün Instagram səhifəsində paylaşım edib.

https://www.instagram.com/p/BnSyENqHdDi/?taken-by=emreyucelen

Yücelen hər dəfə Türkiyə və müxtəlif ölkələrdən olan ifaçıların çıxışlarını şərh edir. Bu dəfə o, Səbinə Babayevanın "Avroviziya-2012" beynəlxalq musiqi yarışmasında ifa etdiyi "When the music dies" kompozisiyası üzərində dayanıb.

"Bu nə isə inanılmazdır. Mən Səbinə Babayevanın ifasını dinləyərkən ağlım başımdan çıxdı. Müdhiş performansdır. Qışqırdım, havalandım, dəli oldum. Mən bu ifa haqqında bütün dünyaya hayqırmaq istəyirəm. Çoxdandır belə bir səs eşitməmişdim. Səsdəki qüvvətə bax, maşallah. İnanılmazdır. Bu bizim üçün həddindən artıq oldu " — deyə Yücelen yazıb. 

Bloggerin izləyiciləri də onun verdiyi qiymətlə razı olduqlarını qeyd ediblər. Səbinə Babayeva da öz növbəsində Yücelenə təşəkkürünü bildirib.

Səbinə Babayeva Azərbaycanın məşhur ifaçılarından biridir. 1999-cu ildən başlayaraq Azərbaycan və bir sıra xarici ölkələrdə keçirilən vokal müsabiqələrində uğurla iştirak edib. Azərbaycan tamaşaçıları arasında o, yerli "Bəyaz həyat" teleserialının saundtreki olan "Röya kimi" mahnısını ifa edəndən sonra məşhurlaşıb. Müğənni "Avroviziya-2012" mahnı yarışmasında 4-cü yeri tutub.