CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bir "Avatar" möcüzəsi: O, harada bitirsə, oranı məhv edir

"Dağdağan insanlara yardım etməklə bərabər oğrulara da divan tutur"
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 sentyabr — Sputnik. İnanmaq insanın fitrətindədir. Biz mütləq nəyəsə inanırıq. Bunsuz mümkün deyil. İnanmaq, bəlkə də tutunmaqdır, həyata tutunmaq…

Böyük alman filosofu Fridrix Nitsşe "İnancsızlıq böyük stressdir, buna ancaq güclü insanlar dayana bilər" deyirdi. Bütün dövrlərdə olduğu kimi indi də insanlar möcüzələrə inanmaq istəyirlər.

Balakən rayonunun Katex kəndi ərazisindən keçən magistral yolun kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacına inam bu gün də var. Yerli əhali ilə yanaşı, başqa bölgələrdən də bu ağaca niyyət edib ziyarətə gələnlər var. Bütün bunlar İslama görə batil sayılsa da, insanlar bu yaşlı təbiət abidəmizdən imdad diləyirlər.

Bu ağac yaşlı kənd müəllimi Nurmuhuma Helavasovun evinə yaxın ərazidə yerləşir. Nurmuhuma müəllim bura gələn yerli və xarici turistlərə bu ağacın tarixi haqqında məlumat verir. Onun bir neçə dildə danışa bilməsi gələn xarici qonaqlara bu ağacın tarixi barədə məlumat verməyə imkan verir.

Yaşlı kənd müəllimi dağdağan ağacının tarixçəsi barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə də danışır: "Bu ağacın dili olsa, nələr danışar, nələrə şahidlik edib bu ağac… Yaşı mindən artıq olan bu möcüzəvi ağac çox güclüdür. Təsəvvür edin, bu ağacın kökü bizim həyətdən çıxır, kəndin ayağında isə bunun ucu qurtarır".

VI əsrdə Sasani hökmdarı Xosrov Ənuşirəvanın əmri ilə tikilən "Böyük Qafqaz səddi"nin üzərində bir neçə əsrdən sonra haqqında danışdığımız ağac bitib. Nurmuhuma müəllim deyir ki, bu, dünyada ən böyük dağdağan ağacıdır.

"Dağdağan ağacı dağların, sərt qayaların arasında bitir. Bizim kənddə dağın arasında başqa bir dağdağan ağacı bitib. Təsəvvür edin, dağı yarıb, qol yoğunluğunda bir ağac çıxıb. Ondan sonra mən belə düşüncəyə gəlmişəm ki, dağdağan "dağ dağıdan" deməkdir. Bu ağac harada bitirsə, oranı məhv edir, parçalayır" — müsahibimiz bildirir.

Azərbaycanda olan bu sehrli ağacı indi də ziyarət edirlər

İnsanlar dağdağanı müqəddəs hesab edirlər. Onun möcüzələr yaradacağına şübhə etmirlər. Kiminsə övladının fiziki problemi varsa, bu ağacın altından keçirər. Onların inancına görə, həmin şəxs tezliklə sağalar.

Həmsöhbətimiz deyir ki, insanların fikrincə, dağdağan onlara yardım etməklə bərabər oğrulara da divan tutur: "Qədim zamanlarda kiminsə dəyərli bir əşyası itən kimi kəndə soraq salırdılar. Oğurlanan qiymətli əşya və ya heyvan geri qaytarılmazsa, dağdağan ağacına mıx basdırılacağını deyərdilər. Bu inanca görə, oğruluq edən adamın başına fəlakətlər gələrmiş. İnsanlarda bu inanc hələ də qalmaqdadır".

"Bəs siz dağdağanın bu möcüzələrə qadir olduğuna inanırsınız?" sualına Nurmuhuma müəllimin cavabı belə olub: "Ağac möcüzəlidir, bəli. Ona diqqətlə baxsanız, insan siluetini aydın şəkildə görə bilərsiniz. Lakin, onun hansısa möcüzələr yaradacağına, insanların həyatına bu və ya digər şəkildə təsir edəcəyinə inanmıram. Zənnimcə, bu, xurafatdan başqa bir şey deyil".

Müsahibimiz insanların ağaca olan biganəliyindən də gileylənir: "Hər dəfə maşınlar buradan yüksək sürətlə şütüyüb keçəndə ağacın gövdəsini, budaqlarını zədələyir. Dəfələrlə demişəm, bu ağacın altında maşın saxlamayın. Dinləmirlər, laqeyd yanaşırlar. Bir dəfə ağacın gövdəsini zədələmişdilər. Bir həftə yaş gəldi o hissədən. Axı bu da canlıdır".

"Mənə bir dəfə 800 dollar pul verdilər ki, bu ağacı kəsim. Dedim, "Siz nə danışırsız? Mən heç vaxt qıymaram buna, bu, Allahın möcüzəsidir". Bu ağac bizim deyil, ixtiyarımız yoxdur ona toxunmağa" — deyə N.Helavasov vurğulayır.