HADİSƏ

Paytaxt havasından tozun nə vaxt çəkiləcəyi açıqlandı - RƏSMİ

Meteoroloji proqnoza əsasən, tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 5 sentyabr 2018-ci il tarixində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat daxil olub. Bildirilib ki, buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 3,6 dəfə yuxarı olduğu qeydə alınıb.

Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir.