CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güzəştli mənzillərin satışı bu dəfə də baş tutmadı, MİDA vətəndaşların qəzəbinə gəldi

Yüzlərlə istifadəçi saytın açılmadığından, səhifələrin dayandığından və "404 error", "not found" yazıldığdan şikayətçidir
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) artıq ikinci dəfədir ki, güzəştli mənzillərin satışını reallaşdıra bilmir. Sputnik Azərbaycan xəbər verir ki, mənzillərin satışının bu gün saat 11-dən başlanacağı elan edilsə də, sonradan qurum elektron hökümət portalında müəyyən problemlərlə bağlı satışı saat 15.00-ə qədər təxirə salmışdı.

"Güzəştli mənzil sistemində elektron kabinetlərinizə giriş artıq aktivləşdirilib. Saat 15:00-da isə satış başlanılacaq. Elektron kabinetinizə girişlə əlaqədar yaranan problemlərlə bağlı 108 Çağrı mərkəzinə müraciət etməyinizi xahiş edirik" — deyə MİDA-nın ikinci xəbərdarlığında bildirilsə də, təssfülər olsun ki, vətəndaşlar yenə sayta girişlə bağlı problemlər yaşayır.

Onlar öz iradlarını MİDA-nın "Facebook" səhifəsində də dilə gətiriblər. Yüzlərlə istifadəçi saytın açılmadığından, səhifələrin dayandığından və "404 error", "not found" yazıldığdan şikayət edib.

Mənzil İnşaatı Dövlət Agentliyinin Facebookdakı səhifəsində istifadəçilərin yazdığı şərhlər

"Facebook" istifadəçisi Şahnaz Bağırova MİDA-nın ikinci xəbərdarlıq paylaşımının altında qeyd edib ki, 1 saatdan artıqdır ki, şəxsi kabinetinə daxil ola bilmir: "Bu, nə oyundur camaatın başına açırsınız? Onlayn alınmırsa, dəftər-qələmə keçin".

Başqa bir istifadəçi Aysel Zeylanova, "Siz camaatı dolamısınız, deyəsən. 1 saatdan sonra deyəcəksiniz ki, "girən oldu, evlər satıldı". Amma burada bir nəfər də olsun "məndə alındı" deyə yazmayıb" — şərhini paylaşıb.

Polad Sadiqov adlı istifadəçi isə, "Yenə bir saat işləməyəcək sayt, bir saatdan sonra işləyəndə isə deyəcəklər, "bütün evlər satılıb"" — iradını yazıb.

Mənzil İnşaatı Dövlət Agentliyinin Facebookdakı səhifəsində istifadəçilərin yazdığı şərhlər

"Facebook" istifadəçisi Amil Bayramov isə 108 xidmətinin zənglərə cavab vermədiyini diqqətə çatdırıb.

Məsələ ilə bağlı dəfələrlə MİDA ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Xatırladaq ki, bu, MİDA-nın "güzəştli mənzil" satışı istiqmətində alınmayan ikinci satış cəhdidir. "Güzəştli mənzil" satışı ilə bağlı ilk satış cəhdi mayın 7-də edilmiş, lakin baş tutmamış və etirazlara səbəb olmuşdu.