BAKI, 5 sentyabr — Sputnik. Fransa hökuməti "Russiya Today" (RT) telekanalı və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşlarına akkreditə verilməməsini təklif edən hesabat yayımlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, "Məlumatların idarə edilməsi: demokratiyamıza meydan oxumaq" adlı 200 səhifədən çox olan sənəd Xarici İşlər Nazirliyi, Strateji Araşdırmalar İnstitutu (IRSEM), Analiz, Proqnozlaşdırma və Strategiya Mərkəzi (CAPS) və Müdafiə Nazirliyi tərəfindən hazırlanıb.
Sənədin hazırlanması üçün işçi qrupu 2017-ci ilin sentyabr ayında yaradılıb. Hesabatın müəllifləri bir sıra xarici dövlətləri, habelə üç beynəlxalq təşkilat — Avropa İttifaqı (Aİ), NATO və ATƏT-də səfərlərdə olub. Onlar hakimiyyət nümayəndələri və vətəndaş cəmiyyəti nümayəndələri ilə yüzlərlə görüş keçiriblər.
Hesabatda 50 tövsiyyə yer alıb. 19-cu paraqrafda qeyd olunur ki, "əvvəlcə onları adı ilə çağırmaq lazımdır". Sonra isə "nəzərdə tutulan jurnalistlər akkreditasiya edilməsin və mətbuat konfranslarına çağırılmasın" — deyə hesabatın müəllifləri qeyd ediblər.
"Adı ilə çağırılsın" sitatı Emmanuel Makronun Vladimir Putinlə Versalda keçirdiyi mətbuat konfransında səsləndirdiyi ifadəni ehtiva edir. O zaman Fransa lideri real sübut göstərmədən Sputnik və RT-ni onun prezidentliyə namizədliyi zaman "dəfələrlə seçki kampaniyası haqqında yalan məlumatlar yaymaqda" ittiham edib.
Hesabatın mətnində Rusiyanın adı 60 dəfə, Kreml 48 dəfə, Sputnik 14, RT kanalının adı isə 10 dəfə çəkilib. Həmçinin, iddia edilir ki, RT və Sputnik "informasiyalarla manipulyasiya edir, faktlar uydurur, sənədləri, tərcümələri və müsahibələri saxtalaşdırır".
"Biz bu baxımdan onların fəaliyyətini qınayırıq" — deyə qeyd edən hesabat müəlliflər onu da əlavə ediblər ki, "Rusiya KİV-i Rusiyanın maraqlarını müdafiə edir və etməyə də haqqı var".