BAKI, 4 sentyabr — Sputnik. Suriya rejiminə bağlı ordu birləşmələrinin İdlibə qarşı mümkün hərbi əməliyyatına qarşı Türkiyə Silahlı Qüvvələri (TSQ) sərhəddə mövqelərini gücləndirib. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Hatay bölgəsinə intensiv şəkildə şəxsi heyət və zirehli texnika yığır.
Eyni zamanda bölgəyə göndərilən tankların sayında da artım var. Bunların arasında modernləşdirilmiş "M-60" tanklarının olması diqqət çəkir.
TSQ digər kəşfiyyat və təhlükəsizlik qüvvələri ilə birgə İdlibdən köç dalğasının qarşısını alacaq. Bunun üçün çalışmalar davam edir. TSQ-nin İdlibin ətrafında 12 ayrı-ayrı müşahidə məntəqəsi mövcuddur. Həmin müşahidə məntəqələrinin təhlükəsizliyi gücləndirilib.
Bundan əlavə, Türkiyəyə sığınmağa çalışan miqrantlara qarşı radikal ekstremistlər və ya rejim qüvvələrinin hər hansı həmləsi baş verərsə, TSQ dərhal miqrantların müdafiəsinə qalxacaq.
Qeyd edək ki, İdlibdə ciddi toqquşma təhlükəsi hökm sürür. Diplomatik mənbələrdən sızan məlumatlara görə, Bəşər Əsəd rejiminin qoşunları İdlibin cənubunda hərbi hazırlıqlara başlayıb.