İsraildən İrana təhlükəli hədə

Liberman çıxışında İranın hansı ölkələrdəki hədəflərini vuracaqlarını açıqlamayıb
Sputnik

BAKI, 4 sentyabr — Sputnik. İsrail müdafiə naziri Aviqdor Liberman ölkəsinin İranın Suriyadan kənarda olan hədəflərinə hücum etməyə hazırlaşdığını bildirib.

Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir. "Biz özümüzü yalnız Suriya torpaqları ilə məhdudlaşdırmırıq. Bu, açıq-aşkar bilinməlidir" — Liberman deyib.

İranın Suriyadan kənarda olan hədəflərini vuracaqlarını deyən Liberman, "biz mənbəyi hara olursa olsun, İranın bütün təhdidləri ilə mübarizə aparacağıq" — deyə bəyan edib.

Liberman çıxışında İranın hansı ölkələrdəki hədəflərini vuracaqlarını isə açıqlamayıb.

İsrail baş naziri Binyamin Netanyahu da 30 avqustda verdiyi açıqlamada Suriya və İrana aid mövqeləri hədəf almaqla təhdid etmişdi.

İsrail son aylarda Suriyadakı İran hədəfinə yönəlik hücumlar təşkil edir.