"Qoca"nı həbsdən "xilas edən" açarı Fədayəyə çatdıran şəxs baş verənləri anlatdı

"Açarı tapdım. Fədayə xanıma verəcəkdim. Amma sonra zəng edib çəkilişinin olduğunu dedi"
Sputnik

BAKI, 3 sentyabr — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Fədayə Laçın "Qoca" ilə münasibətlərinin gizlinlərini açdı

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ağstafa Rayon Polis şöbəsinin əməkdaşı Fərhad Quliyev ifadə verib. O deyib ki, qeyd edilən hadisədən sonra rəhbərliyin göstərişi ilə rayon ərazisində postlar qurulub. O, postda xidmət apararkən şübhəli şəxsləri müəyyənləşdirmək üçün xidmət apardıqlarını deyib.

Polis əməkdaşı qeyd edib ki, başqa bir maşına baxış keçirən zaman indiki təqsirləndirilən şəxslərin olduğu "Opel" markalı maşının posta yaxınlaşarkən anidən döndüyünü görüb: "Şübhəli maşının arxasınca getdik. Kəndin girəcəyində maşın dayandı. Biz yaxınlaşanda sürücü düşdü. Yük yerindən bir nəfər düşərək qaçdı. Arxa oturacaqda bir xanım da əyləşmişdi. Biz dərhal məruzə edib hər iki şəxsi bölməyə apardıq".

Məhkəmədə şahid qismində Ədalət Zeynalov da ifadə verib. O, təqsirləndirilən şəxslərdən Fədayə Laçının bacısı Telli Ağayevanın iş yoldaşı olduğunu deyib. Məlum olub ki, Telli Ağayeva bacısı Fədayənin istədiyi açarı Ədalət Zeynalovdan alıb.

"Telli xanım vaqon rəisiydi. Bir iş yoldaşı kimi həmin açarı məndən istədi. Xüsusi bir açar deyil. Hər yerdən tapmaq mümkündür. Qapı, pəncərə və şitlərin açılmasında istifadə edilir. Açarı tapdım. Fədayə xanıma verəcəkdim. Amma sonra zəng edib çəkilişinin olduğunu dedi. Başqa bir adam gəldi. Gecə dəmir yolunda həmin şəxsə verdim. Lakin həmin adamın üzünü xatırlamıram" — Ə.Zeynalov vurğulayıb.

Proses sentyabrın 5-də davam edəcək.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.