Avropada ancaq yay olacaq – VİDEO

Qış vaxtına keçidin ləğv olunması ideyasının kökündə isə Avropa İttifaqı ölkələrində aparılan sorğunun nəticələri dayanır
Sputnik

BAKI, 1 sentyabr — Sputnik. Avropa İttifaqı ölkələrində yay-qış vaxtına keçid ləğv oluna bilər.

Sputnik AzərbaycanEuronews”a istinadla xəbər verir ki, Avropa İttifaqının nəqliyyat üzrə komissarı Violeta Bulk bu barədə məlumatı sosial şəbəkələrdəki profilində paylaşıb. Bundan öncə isə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker saat dəyişikliyindən imtina edilməsi tələbi ilə çıxış edib.

Qış vaxtına keçidin ləğv olunması ideyasının kökündə isə Avropa İttifaqı ölkələrində aparılan sorğunun nəticələri dayanır. 4,6 milyon avropalının iştirak etdiyi sorğuda böyük əksəriyyət (84%) vaxt keçidinin ləğv olunmasına tərəfdar çıxıb.

Azərbaycanda yay vaxtına keçid ləğv edilməyib

Jan-Klod Yunker öz açıqlamasında bildirib ki, əgər insanlar bunu tələb edirlərsə, o zaman bu tələb icra edilməlidir. Sorğuda iştirak edənlər Avropada yay vaxtının dəyişməz olaraq saxlanmasını istəyiblər və bu da həyata keçiriləcək. 

Avropa Komissiyasının prezidenti fikirlərini qəti gələcək zaman formasında bəyan etsə də, komissiyanın bu məsələdə səlahiyyəti yalnız təklif hüququndan ibarətdir. Növbəti hüquqi addım kimi məsələyə Avropa Parlamenti tərəfindən müsbət qərar verilməli, eyni zamanda üzv dövlətlə saat keçidinin ləğv edilməsinə razılıq bildirməlidirlər. Əgər bütün hüquqi addımlar komissiyanın təklif etdiyi şəkildə baş verərsə, o zaman Avropa ərazisində yalnız yay vaxtı qüvvədə olacaq.

Qeyd edək ki, ötən əsrdə enerji səmərəliliyini və günəş işığından effektiv istifadəni təmin etmək məqsədi ilə yay-qış vaxtlarına keçid dünyanın bir çox ölkəsində tətbiq olunmağa başlayıb. Lakin müasir dövrdə vaxtı bir saat irəli və ya geri çəkməklə həqiqətin də enerjiyə qənaət olunması ətrafında mübahisələr gedir.

Qeyd edək ki, hazırda Avropada üç saat qurşağı (Şərqi Avropa vaxtı, Mərkəzi Avropa vaxtı və Qərbi Avropa vaxtı) mövcuddur və 2002-ci ildə bütün Avropa ərazisində yay-qış vaxtına keçid vahid formaya salınıb. Bəzi ekspertlərin rəyincə, əgər bəzi ölkələr vaxt keçidinin ləğvindən imtina etsələr, bu, Avropada bir sıra problemlərə yola aça bilər.