BAKI, 31 avqust — Sputnik. Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Cənubi Qafqaz" politoloqlar klubunun 58-ci iclası keçirilib. Tədbirdə Rusiya — Azərbaycan münasibətləri və perspektivləri müzakirə olunub.
Tədbirdə çıxış edən politoloq Fikrət Sadıxov Azərbaycan — Rusiya münasibətlərinin hazırkı vəziyyəti haqqında danışıb. O bildirib ki, iki ölkənin münasibətləri hazırda yüksək səviyyədədir və bunun daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var.
"Artıq regionda və dünyada vəziyyət dəyişib. Bu dəyişikliklər regiondakı ölkələrin əməkdaşlığını zəruri edir. Əməkdaşlığın bu forması regiondakı bütün ölkələrin maraqlarına cavab verir. Məsələn, bir neçə onillik ərzində həllini tapmayan Xəzər dənizinin hüququ statusu problemi bu il həllini tapdı" — deyə F.Sadıxov bildirib.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri də dünyada gedən proseslər idi: "Bunu Azərbaycanın siyasi uğuru da adlandırmaq olar. Düşünürəm ki, prezident İlham Əliyevin Rusiyaya gözlənilən səfəri iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə təkan verəcək".
Mövzu ilə bağlı danışan politoloq Zaur Məmmədov bildirib ki, 90-cı illərdə iki ölkə arasında ciddi problemlər var idi: "Ölkə rəhbərliklərinin prinsipial mövqeyi bu münasibətlərin inkişafına şərait yaratdı. Son baş verən hadisələr yüksək səviyyədə olan əməkdaşlığın daha da dərin müstəviyə keçməsinə səbəb ola bilər. Bu gün Rusiya ictimai mühitində Azərbaycana olan münasibət də müsbətə doğru dəyişib".