CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarajda sevgilisi ilə boğulan oğlan, sən demə....

Mərhum gənclər çarəsiz qaldıqları, özlərini çarəsiz hiss etdikləri üçün aqibətləri belə bir faciəvi sonluqla nəticələnib
Sputnik

BAKI, 31 avqust — Sputnik. İki gün öncə "Nissan" markalı avtomobildə boğularaq ölən sevgililər barədə yeni məlumatlar əldə olunub. Məlum olub ki, mərhum Elvin Zeynalov idmançı imiş. Bu barədə Sputnik Azərbaycan-a E.Zeynalovun yaxın qohumu, tanınmış yol hərəkəti üzrə ekspert Arzu Kürsüm Babazadə məlumat verib. 

A.Babazadə mərhum E.Zeynalov haqqında bunları bildirib: "Elvin Zeynalov futzalçı olub, son mövsümdə Birinci Liqanın qızıl medallarını qazanan "Hell Energy" komandasının qapısını qoruyub. Həmçinin Azərbaycanın Mini Futbol Federasiyası "İCE" komandasının heyətində Alfa Liqada inamlı çıxışları olub".

Müsahibimiz, həmçinin baş vermiş hadisə ilə bağlı da danışıb: "Dünyasını dəyişən gənclərimiz haqqında ətrafda və xalqımızda yaranmış yanlış düşüncələrə də aydınlıq gətirmək istəyirəm. Hər iki gənc çox əxlaqlı, tərbiyəli olublar. K.Ə. də çox əxlaqı, gözəl bir ailənin, layiqli övladı olub. Onlar əxlaqsız hərəkətin yox, sevgilərinin qurbanı olublar, daha doğrusu, özlərini qurban etməyi seçiblər. Mərhum gənclər çarəsiz qaldıqları, özlərini çarəsiz hiss etdikləri üçün aqibətləri belə bir faciəvi sonluqla nəticələnib".

Elvin Zeynalov

Arzu Babazadə media qurumlarına da nəzarət edib: "Əvvəlcə mərhum gənclərin ailələrini nəzərə alan, anlayış göstərən media nümayəndələrinə təşəkkür edirəm. Bütün xəbər saytlarından, televiziya kanallarından belə xəbərləri hazırlayarkən son dərəcə həssasiyyətlə yanaşmalarını xahiş edirəm. Çünki yazılmış hər hansı bir ifadə, reallıq olsa belə, həm mərhumun ruhuna, həm də onun ailəsinə qarşı mənəvi zərbədir".

Elvin Zeynalovun məzarı

Qeyd edək ki, iki gün öncə Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində beşmərtəbəli binanın həyətində yerləşən qarajdakı "Nissan" markalı avtomobildə 1997-ci il təvəllüdlü K.Ə.-va və 1990-cı il təvəllüdlü E.Z.-nin meyiti tapılıb.

Hadisə yerinə Yasamal Rayon Prokurorluğu və Yasamal rayon Polis idarəsinin əməkdaşları cəlb edilib. Faktla bağlı cinayət işi başlanılıb.