BAKI, 31 avqust — Sputnik. Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi prezident İlham Əliyevə təqdim olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat verilib.
Qeyd edək ki, sentyabrın 1-dən etibarən Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq. Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq.
Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Yeni nəsil vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.