HADİSƏ

Bakıda kütləvi dava: Belaruslu sürücü üç ölkənin vətəndaşına xəsarət yetirdi

Xarici TIR sürücüləri arasında baş verən davada "İpək Yolu" gömrük terminalının əməkdaşı da yaralanıb
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. Səbail rayon Polis İdarəsinin əməkdaşları Bakıda Belarus və Ukraynadan olan TIR sürücülərinin iştirakı ilə kütləvi davanı qeydə alıb. Bu barədə Sputnik Azərbaycan-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, kütləvi dava avqustun 30-da saat 04:00 radələrində "İpək Yolu" gömrük terminalının ərazisində, Salyan şossesinin 12-ci kilometrliyində baş verib. Məlum olub ki, sərxoş vəziyyətdə olan Belarus sakini, 1982-ci il təvəllüdlü Astanyuk Valeri Nikolayeviç həmyerlisi, 1990-cı il təvəllüdlü Balint Vladimir İvanoviçə, eləcə də Ukrayna vətəndaşları — 1990-cı il təvəllüdlü Mixaylov Vasso Mixayloviç və 1995-ci il təvəllüdlü Mayviyuk Roma Sergeyeviçə bıçaq zərbələri endirərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Bununla yanaşı dava zamanı gömrük terminalının gözətçisi, 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Əliyarbəyov Emil Sərdar oğlu da yaralanıb.

Zərərçəkənlərin hamısı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Astanyuka gəlincə, o, Səbail RPİ-nin 41-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır, davanın səbəbləri müəyyənləşdirilir.