CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Saxta Metipred" dərman vasitəsi apteklərdə satılırmı?

Məlumatda qeyd olunur ki, vətəndaşlar tərəfindən olunan müraciətlər əsasında aparılan laborator analizlər ödənişsiz olaraq aparılır.
Sputnik

BAKI, 30 avqust — Sputnik. "Saxta Metipred" dərman vasitəsinin apteklərdə satılması barədə yayılan məlumata Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi cavab verib. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Saxta Metipred" dərman vasitəsinin apteklərdə satılması haqqında yayılan məlumatla bu məsələ ilə əlaqədar araşdırmalar aparılır:

"Araşdırmalar zamanı məlum olub ki, vətəndaşlar tərəfindən bu dərman vasitəsi ilə bağlı nə qaynar xəttə, nə də yazılı şəkildə Səhiyyə Nazirliyinə şikayət daxil olmayıb və satışda olan nümünələr dövlət qeydiyyatından keçmiş, laborator sınaqlarla yoxlanmış dərman vasitələridir. Lakin qeyd etdiyimiz kimi araşdırmalar hələ də davam etdirilir və araşdırmaların daha da effektiv nəticələrini əldə etmək üçün şikayətçi vətəndaşın Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət edərək onda olan nümünəni gətirməsi daha məqsədəmüvafiq olardı".

Məlumatda qeyd olunur ki, vətəndaşlar tərəfindən olunan müraciətlər əsasında aparılan laborator analizlər ödənişsiz olaraq aparılır. Hər hansı bir dərman vasitəsinin keyfiyyəti vətəndaşda şübhə yaradırsa həmin dərmanı qablaşdırması ilə birgə gətirərək AEM-in Bir Pəncərə Xidmətinə yaxınlaşıb analiz üçün müraciət edə bilər. Vətəndaşlar həmçinin qaynar xətt nömrələrimizə də müraciət edə bilər ((012) 596 07 12, (012) 594 57 37, (012) 596 05 20).