Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 30 avqust — Sputnik. Tərtər Texniki Peşə Məktəbində məskunlaşmış ailələrin əksəriyyətini məcburi köçkünlər üçün tikilmiş evlərə köçürsələr də, 73 yaşlı ana iki qızı, iki körpə nəvəsi ilə birlikdə hələ də burada yaşayır. Buna yaşamaq demək mümkünsə… Binanın qazı, işığı, suyu kəsilib. Antisanitar vəziyyət baş alıb gedir. Hamam, yuyunmaq üçün şərait belə, yoxdur.
Sputnik Azərbaycan-ın bölgə müxbiri sözügedən əraziyə gedərək məcburi köçkünlərin yaşadıqları dözülməz şəraitlə tanış olub. Texniki Peşə Məktəbinin (TPM) 5 mərtəbəli binasına daxil olanda zibil basmış blok, sökülmüş, qapıları çıxarılmış otaqlar, dəhliz boyu bərbad hala düşmüş divarlarla qarşılaşırıq. Məlum olur ki, binada məskunlaşan məcburi köçkünlər yeni mənzillərə köçürüləndən sonra geridə bu xoşagəlməz mənzərə qalıb.
Bu sökülmüş, bərbad hala düşmüş binada hələ də yaşayan məcburi köçkünlər var. Bizi qarşılayanlar arasında 3 balaca körpəni də görürük. İlk mühasibimiz Şəfiqə Əmrahova adlı 73 yaşlı ahıl nənə olur.
Şəfiqə Əmrahova Kəlbəcər şəhərindən məcburi köçkün düşüb. Bildirdiyinə görə, 1993-cü ildən Tərtər Texniki Peşə Məktəbinə məxsus binada məskunlaşıblar. Deyir ki, onları burda Tərtərin İcra Hakimiyyətinin o zamankı rəhbəri Sərdar Həmidov yerləşdirib.
Ağbirçək nənə indiki vəziyyətindən xeyli giley edir: "Qadan alım, İlham Əliyev bizə gün ağlayıb, ev tikir, şəraitimizi yaxşılaşdırmaq barədə göstərişlər verir, yerdəki nümayəndələr isə bizi bu acınacaqlı duruma salıblar. Altı aydı işığımızı, suyumuzu kəsiblər. Gündə taksiyə iki manat verib, bir vedrə su gətirirəm. Bununla qoca arvad dolanar?"
Şəfiqə xanımın dediyinə görə, həm məskunlaşdığı binanın işığı kəsilib, həm də dövlət tərəfindən nəzərdə tutulan işıqpulunu vermirlər: "Altı aydı işığımızı kəsiblər. İşıqpulunu da vermirlər ki, şam alam, gecələr işığında oturam. Aldığım pensiyanı da suya, şama verirəm".
Şəfiqə xanımın qızı Hicran Əmrahova yaşadıqları durumu belə izah edir: "Cənab prezidentimiz məcburi köçkünlərin yaşayışını yaxşılaşdırmaq məqsədilə evlər tikib. Buna baxmayaraq, 3 ailə peşə məktəbinin binasında qalıb. Fevral ayından məcburi köçkünləri köçürüblər. Burda qalan ancaq bizik".
Hicran Əmrahovanın dediyindən məlum olur ki, anası Şəfiqə xanım və həyat yoldaşından ayrılmış, iki uşaq anası olan bacısı Arzu Əmrahova məktəbdə qalan ailələrdəndir. Arzu Əmrahovanın 3 və 4 yaşlarında iki qız övladı var. Uşaqlardan biri epilepsiya xəstəsidir, xəstəliyinə görə təqaüd alır.
Hicran Əmrahova, anası və bacısı "Qaçqınkom"da ayrı ailələr kimi qeydiyyatda olublar. Onların kommunal xidmətləri, suya, qaza, işığa görə xərcləri, sayğacları ayrı olub. Ancaq 73 yaşlı ananı qızları və nəvələri ilə birlikdə məcburi köçkünlər üçün tikilmiş mənzillərlə təmin etməyiblər.
H.Əmrahova köçürülməmələrinin səbəbini belə izah edir: "Üç ailə ayrı-ayrı təsərrüfat olduğumuz halda bizə bir yerdə ev vermək istəyirdilər. Etirazımıza da məhəl qoyan olmadı".
H.Əmrahova iddia edir ki, məcburi köçkünlər üçün tikilmiş evlər pulla satılıb: "Qaçqınkom"dan gəlmiş nümayəndə Elman İsmayılova bildirdim ki, qanunla bizə düşən evi vermirsiniz, heç olmazsa anamla mənə bir ev, bacımla uşaqlarına da başqa ev verin. Elman İsmayılov mənimlə razılaşmadı. Dedi ki, "ananızı qocalar evinə qoyun, bacınızla siz də bir yerə yığılın". Sonra da qolumdan tutub, "evlər pulla satılıb"- demisən, kimə satılıb?" soruşdu. Mən də adbaad kimlərə satıldığını dedim".
Hicran Əmrahova pulla ev alan adamların adlarını E.İsmayılova yazıb verdiklərini deyir: "Qaçqınkom"da aparılan dəyişiklikdən sonra da rəsmilərlə görüşdük. Əsas tələbimiz də komissiya yaradılması və qanunsuzluqların aradan qaldırılması oldu. Ancaq bizə qarşı qərəzli davranırlar. Bizi bu dağıntılar arasında, işıqsız, qazsız, susuz binada saxlamaqla cəzalandırırlar".
Sputnik Azərbaycan-ın bölgə müxbiri yaranmış vəziyyətlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayon nümayəndəliyi ilə də əlaqə saxlayıb. İdarə rəhbəri Möhlət Nəzərov bildirib ki, Əmrahovlar ailəsinin tələbini hazırda təmin eləmək mümkün deyil.
"Mənzillər bölüşdürüldüyünə görə onları birgə olaraq ancaq 3 otaqlı evlə təmin eləmək mümkündür. İndiki halda onlar birgə verilən evdə yaşasalar, gələcəkdə tikiləcək mənzildə ikinci ailə üçün də qoyulan tələbi təmin edərik" — o bildirib.
M.Nəzərov onu da qeyd edib ki, yeni inşa olunacaq qəsəbə üçün 25 hektar torpaq sahəsi ayrılıb, yaxın vaxtlarda prezidentin sərəncamı ilə yeni binaların tikintisinə başlanılacaq.