CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə ərazisini yenə toz-duman bürüyüb

Meteoroloji proqnoza əsasən, tozlu hava şəraitinin 2 gün davam edəcəyi gözlənilir
Sputnik

BAKI, 30 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən 30 avqust 2018-ci il tarixində ölkə ərazisində havada olan tozun miqdarı sanitar normadan artıq olduğu məlum olub.

ETSN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır. Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə səhər saat 7:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz yuxarı olduğu qeydə alınıb.

Meteoroloji proqnoza əsasən, tozlu hava şəraitinin 2 gün davam edəcəyi gözlənilir.