BAKI, 30 avqust — Sputnik. Norveçli musiqiçilər Daniel Lazar (skripka) və Espen Vensaas (mandolina) duet şəklində Azərbaycanın xalq rəqsi "Basqalı"nı ifa ediblər. Onlar bu ifaları ilə sosial şəbəkədəki izləyicilərini şoka salıblar.
Bu barədə Sputnik Azərbaycan Daniel Lazarın Facebook səhifəsinə istinadla xəbər verir. Lazar 2017-ci ildə Norveçdə çəkilmiş və "Basqalı"nın ifasını əks etdirən videonu öz səhifəsində paylaşıb.
"Necə də gözəl musiqidir. Onu öyrənmək və ifa etmək xoş idi. Bu, Azərbaycan kompozisiyasıdır. Biz yaxın zamanlarda çarxın yeni versiyasını təqdim edəcəyik. Zövq alın!" — Lazar yazıb.
İzləyicilər musiqiçilərə bu möhtəşəm ifaya görə təşəkkür ediblər. İfaçılar Azərbaycan musiqisi ilə məhz necə tanış olduqları barədə danışmaqdan imtina ediblər. Lakin bildiriblər ki, Azərbaycan mahnılarını bundan sonra da öyrənmək və ifa etmək niyyətindədirlər.
"Basqalı" Azərbaycanın məşhur xalq rəqslərindən biridir. Onu tez-tez Azərbaycanın xalq artisti Aftandil İsrafilov qarmonda ifa edir.
Müqayisə üçün İsrafilovun ifasını də diqqətinizə təqdim edirik.