SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Baş nazir: "Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə səfərə gələn Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşü olub
Sputnik

BAKI, 30 avqust — Sputnik. "Əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar. Bu gün iki müstəqil dövlət arasındakı əlaqələr möhkəm təməl üzərində qurulub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Bakıda Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşdə deyib. 

Dövlət başçısı bildirib ki, Gürcüstan və Azərbaycan birlikdə bir çox önəmli layihələri icra edib: "Biz dünyanın enerji xəritəsini birgə səylərlə dəyişdirdik. Nəqliyyat istiqamətində birgə həyata keçirdiyimiz layihələr Avrasiya qitəsi üçün böyük önəm daşıyır. Bütün bu layihələrin icrasında həm Gürcüstan, həm Azərbaycan, həm Türkiyə tərəfi fəal əməkdaşlıq edir. Hesab edirəm ki, indiki dövrdə biz ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə səylər göstərməliyik. Mən bilirəm ki, Gürcüstanda çox gözəl investisiya iqlimi mövcuddur. Biz çox şadıq ki, Azərbaycan uzun illərdir Gürcüstana xarici sərmayə qoyan ölkələr arasında birinci yerdədir. Biz bu gün bir çox məsələləri müzakirə edəcəyik, o cümlədən regional əməkdaşlıq məsələlərini". 

İlham Əliyev 3 rayonu birləşdirən yolla bağlı sərəncam verdi

Öz növbəsində Gürcüstanın Baş naziri Mamuka Baxtadze iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini deyib: "Gürcüstan və Azərbaycan strateji tərəfdaşdırlar və bu, çox böyük nailiyyətdir. Bizim üçün xalqlar arasında münasibətlər çox önəmlidir. Bizim üçün eyni zamanda mehriban qonşuluq, dost və qardaşlıq əlaqələri çox vacibdir. Bizim əcdadlarımız əlaqələrimizin təməlini çox gözəl qoyublar və bu əlaqələr bunun əsasında artıq sürətlə inkişaf edir. Bizim birlikdə həyata keçirdiyimiz regional layihələr beynəlxalq əməkdaşlıq və region üçün həqiqətən çox faydalıdır. Bizim regional əməkdaşlıq çərçivəsində nəqliyyat, energetika və digər sahələrdə böyük uğurlarımız var. Əlbəttə, potensialımız böyükdür və ümid edirəm ki, ikitərəfli əlaqələr nəticəsində və ikitərəfli layihələr həyata keçirməklə bu potensialı biz daha da yaxşı inkişaf etdirə bilərik. Bizim ölkələr arasında ticari dövriyyəsi daha da artmaqdadır. Bu il bu, ola bilsin, milyard dollara çatsın, lakin bizim potensialımızın tam istifadəsi demək deyil, daha çox potensialımız mövcuddur. Əminəm ki, ikitərəfli əməkdaşlıq nəticəsində gələn iki il ərzində biz bunu 50-60 faizə qədər artıra bilərik. Sevindirici haldır ki, eyni zamanda digər sahələrdə, o cümlədən mədəniyyət, incəsənət, idman sahələrində də əməkdaşlığımız səmərəlidir. Sevindirici haldır ki, Azərbaycan turistləri və investorlar Gürcüstanda özlərini çox rahat hiss edirlər. Əminəm ki, biz birgə səylərimiz nəticəsində daha çox böyük məqsədlərimizə nail ola bilərik".