MƏDƏNİYYƏT

Çingiz Abdullayev İosif Kobzondan yazdı: "O, əsl kişi kimi öldü"

Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev: "İosif Kobzon bizim estradamızın əfsanəsi idi"
Sputnik

BAKI, 30 avqust — Sputnik. "İosif Kobzon bizim estradamızın əfsanəsi idi". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev öz "Facebook" səhifəsində əfsanəvi rus müğənnisi İosif Kobzonun ölümünü şərh edərkən deyib.

"Mənə İTAR-TASS-dan zəng edərək İosif Kobzonun ölümünü şərh etməyi xahiş etdilər. O, bizim estradanın əsl əfsanəsi idi. O, həmçinin bizim ölkənin dostu idi" — deyə Abdullayeva yazıb.

Yazıçı mərhum müğənninin dəfələrlə təklif edilməsinə baxmayaraq, Qarabağa getməməsini də yüksək qiymətləndirib: 

Məşhur müğənni dünyasını dəyişdi

"Mən dəqiq bilirəm ki, ona dəfələrlə Qarabağa getmək təklif olunub. O, ağıllı və uzaqgörən insan idi. Hər şeyi gözəl başa düşürdü. Və heç vaxt düşünülməmiş hərəkətlərə yol vermirdi".

"Bizə tez-tez gəlirdi. Son onillikdə o, dəhşətli xəstəliklə mübarizə aparırdı. Hər şeyə rəğmən, özünü ələ alırdı və oxuyurdu. Əsl kişi kimi öldü. Onun ailəsinə və milyonlarla pərəstişkarına başsağlığı verirəm!" — Çingiz Abdullayev əlavə edib.

Qeyd edək ki, Rusiyanın məşhur estrada müğənnisi İosif Kobzon bu gün uzun sürən ağır xəstəlikdən dünyasını dəyişib. Müğənni 80 yaşında həyata əlvida deyib.

İyulun 27-də onun süni tənəffüs aparatına qoşulduğu barədə məlumat verilmişdi. Moskva xəstəxanalarından birinin neyrocərrahiyyə şöbəsinin reanimasiyasında müalicə aldığı bildirilirdi. Vəziyyəti stabil ağır olaraq dəyərləndirilirdi.

Kobzon 2005-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

Prezident Kobzonu niyə mükafatlandırdı?

Qeyd edək ki, rusiyalı siyasətçi, estrada müğənnisi İosif Kobzon 1937-ci il sentyabrın 11-də yəhudi ailəsində dünyaya gəlib. 1995-2018-ci illərdə Rusiya Dövlət Dumasının II-VII çağırış deputatı olub. 1964-cü ildə Çeçen-inquş Respublikasının əməkdar artisti, 1974-cü ildə Dağıstanın, 1987-ci ildə SSRİ-nin, 1991-ci ildə Ukraynanın xalq artisti adına layiq görülüb.

Rusiya Humanitar Akademiyasının akademiki (1996), Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Rusiya tarixinin inkişafında görkəmli xidmətlərinə görə "Əməkdar mədəniyyət işçisi" (2003) fəxri adlarına layiq görülüb.

"Gənclik nəğməsi", " Əzizim, sənə təşəkkür edirəm", "Səhv etmə" və s. məşhur mahnıların ifaçısı olub.