TƏHLİL

DİQQƏT: Yeni yaşayış binalarında vətəndaşları belə aldadırlar, həm də təhlükə yaranacaq

"Rəsmi qurum yeni tikiləcək binaların icazəsini vermədən öncə mənzillərin layihələri ilə tanış olmalı, vətəndaşların istəyinə və ciblərinə uyğun qərarlar verməlidir"
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Yeni tikilən binaların inşasına qədər sovet dövründə tikilmiş binalarda qəbul olunmuş standart mənzil layihələri var idi. Bu layihələrdə mənzillərin işıqlanmasından tutmuş havalandırmasına qədər hər bir detal nəzərdə tutulurdu. İstər eyvan, istər dəhliz, istərsə də otaqların ölçüləri otaq sayına uyğun olaraq hesablanırdı.

Tikintisi başa çatmamış binalardan mənzil almayın, ciddi təhlükələr gözlənilir

Hətta, yeni tikililərin inşa edildiyi ilk illərdə belə, bu layihələr yenilənərək daha məqsədəuyğun formada tikintilərdə istifadə olunurdu. Son 10 il ərzində isə tikinti şirkətlərinin bir çoxu tikilən binalarda layihələrin standartlara uyğun olmasına deyil, hansı formada olursa-olsun, daha çox mənzil yerləşdirməyə üstünlük verir.

Bəs, bu, gələcəkdə mənzil sahibləri üçün nə kimi problemlər yarada bilər? Sputnik Azərbaycan-ın məsələ ilə bağlı sualını tikinti eksperti Elnur Fərzəliyev cavablandırıb.

Fərzəliyev bildirib ki, son zamanlar tikilən yeni binalarda mənzillər hər hansı layihə üzrə tikilmir: "Əvvəllər "Stalinka", "Leninqrad", "Xruşovka" layihələrini indi heç bir layihə əvəz etmir. Hətta çox zaman mənzillər alıcılara ara divarları hörülmədən, azad sahələrlə satılır. Bu isə öz növbəsində müəyyən problemlərə səbəb olur".

Ekspertin fikrincə, mənzillərdə ara divarların hər kəsin istədiyi formada tikilməsi gələcəkdə yüklənmiş binanın tarazlığının pozulmasına gətirib çıxara bilər: "Standartlarda ara divarların tikilməsi beton kəmərlərin üstündə nəzərdə tutulub. Amma bu standartlar pozularaq, arakəsmə divarları istəyə uyğun olaraq sakinlər tərəfindən müxtəlif formalarla bölünür. Mənzil daxilində bəzən layihə dəyişildikdə mətbəxin, hətta sanitar qovşaqların yerləri dəyişdirilir".

"Köhnə tikililərdə ən böyük 1 otaqlı mənzilin ümumi sahəsi 40 kvadratmetr olan mənzillərdə yaşayış sahəsi 24 kvadratmetr götürülürdü. Yeni tikililərdə isə bəzən 1 otaqlı mənzilin ümumi sahəsi 75 kvadmetr, yaşayış sahəsi isə 18 kvadratmetr hesablanır. Hansı ki, həmin 75 kvadratmetr sahə köhnə tikililərdə 3-otaqlı mənzillər üçün nəzərdə tutulurdu" – deyə o, əlavə edib.

E.Fərzəliyev bildirib ki, hazırda yeni inşa edilən binalarda normadan artıq eyvanlar, dəhlizlər, əlavə sanitar qovşaqları üçün yer ayrılır. Və bu artıq və gərəksiz sahələrin hər kvadratmetri böyük pullarla hesablanaraq alıcı tərəfindən tikinti şirkətlərinə ödənilir.

Ekspert onu da diqqətə çatdırıb ki, yeni tikilən mənzillərlə bağlı digər bir problem də mövcuddur: "Belə ki, vətəndaşların müqavilə ilə tam ödəniş edib aldıqları mənzillərdəki ümumi kvadratura faktiki sahə və çıxarışdakı sahə ilə uyğun gəlmir. Məsələn, alıcı müqavilə ilə 100 kvadratmetrlik mənzilin pulunu ödəyir. Çıxarış verilən zaman isə orada 100 kvadratmetr deyil, həmin kvadratdan 10-15 faiz, hətta daha az sahə yazılır. Bu, o deməkdir ki, alıcıya mənzil üçün ödədiyi məbləğdən 10-15 faiz daha artıq məbləğ ödətdirilir".

Fərzəliyev ümid edir ki, bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bu məsələlər nəzərə alınacaq: "Düşünürəm ki, Komitə yeni tikiləcək binaların icazəsini vermədən öncə mənzillərin layihələri ilə tanış olmalı, vətəndaşların istəyinə və ciblərinə uyğun qərarlar verməlidir".