MƏDƏNİYYƏT

Azərbaycanlı qız "İpək yolunun ulduzu" oldu

Gürcüstanın Batumi şəhərində keçirilən "Böyük İpək Yolunda ulduzunu tap" adlı beynəlxalq musiqi müsabiqəsinin qalibi Azərbaycan təmsilçisi Emiliya Yaqubova olub.
Sputnik

BAKI, 29 avqust — Sputnik. Gürcüstanın Batumi şəhərində keçirilən "Böyük İpək Yolunda ulduzunu tap" adlı beynəlxalq musiqi müsabiqəsinin qalibi Azərbaycan təmsilçisi Emiliya Yaqubova olub.

Bu barədə Sputnik Gürcüstan məlumat verib. Üç mərhələnin yekunlarına əsasən, yarışmanın üç mütləq liderləri məlum olub: Gürcüstan təmsilçisi Salome Mirianaşvili, Qazaxıstan təmsilçisi Miras Juqunusov və Azərbaycan təmsilçisi Emiliya Yaqubova. Qaliblərin hər üçü bütün mərhələlərin yekun nəticəsinə görə 285 balla qiymətləndiriliblər. Münsiflər heyəti qalibin püşkatma yolu ilə təyin edilməsinə qərar verib və Emiliya Yaqubova qalib gəlib.

Emiliya Yaqubova

"Bu qələbə mənim üçün çox vacibdir. Mən indi hətta emosiyalarımı belə ifadə edə bilmirəm. Gürcüstana təşəkkürlər, mənim adımı zərfin içindən çıxaran bu balaca qıza təşəkkürlər. Yəqin ki, bu qismətdir" — deyə Yaqubova jurnalistlərə bildirib.

Müsabiqənin gümüş medalının da taleyinə püşk yolu ilə aydınlıq gətirilib. Burada Qırğızıstan və Özbəkistan təmsilçiləri arasında özbək idmançının bəxti üzünə gülüb. Üçüncü yerin sahibi isə Ukrayna təmsilçisi olub.

Yarışmanın bütün iştirakçıları sponsorlardan qiymətli hədiyyələr alıb. Ən dəyərli hədiyyə — İtaliyaya 2 nəfərlik səyahət Gürcüstan təmsilçisi Salome Mirianaşviliyə nəsib olub.

Layihədə Azərbaycan, Rusiya, Türkiyə, Özbəkistan, Bolqarıstan, Rumıniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Yunanıstan və digər İpək Yolu ölkələrindən gənc ifaçılar iştirak ediblər.

Sputnik Gürcüstan "Böyük İpək Yolunda ulduzunu tap" adlı beynəlxalq musiqi müsabiqəsinin informasiya tərəfdaşıdır.