Mübariz Əhmədoğlu: “Merkel çox qətiyyətli mövqe ortaya qoyub”
“Dağlıq Qarabağ məsələsi haqqında açıq danışdıq. Mən bir daha vurğuladım ki, Almaniya bu münaqişənin həllində maraqlıdır və biz buna Minsk qrupu çərçivəsində öz töhfəmizi verəcəyik”. Bunu avqustun 25-də Almaniya kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən birgə mətbuat konfransında deyib.
Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Merkelin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi nöqteyi-nəzərindən regiona səfəri kifayət qədər yeni bir mövqedir: “Merkel çox qətiyyətli mövqe ortaya qoyub. Onun bu mövqeyi ATƏT-in Minsk qrupunun fəaliyyətinə alternativ vasitəçilik deməkdir. Merkel bilir ki, Dağlıq Qarabağ probleminin tənzimlənməməsinin əsas səbəbi Ermənistandır. Almaniya hər zaman Dağlıq Qarabağ münaqişəsindən məlumatlı olub. Azərbaycan və digər dövlətlər çalışıblar ki, Almaniya münaqişənin tənzimlənməsində vasitəçi olsun. Sadəcə Fransa ilə olan yaxşı münasibətlərə görə, Almaniya bu məsələlərə qarışmırdı. Hazırda Merkel qətiyyətli şəkildə köklənib ki, Dağlıq Qarabağ problemini həll etsin”.