TƏHLİL

Milli valyutamıza qızıl zəmanət - Manata güvənənlər haqlı çıxdılar

"Neftin qiymətinin 70-80 dollar civarında olması 2022-ci ilin sonunadək Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. "Manatın devalvasiyaya məruz qalacağı ehtimalı yoxdur və Azərbaycanın milli valyutasının məzənnəsi möhkəmlənəcək". Bu barədə Rusiyanın AKRA reytinq agentliyinin Azərbaycan üzrə iqtisadi icmalında məlumat yer alıb.

"2022-ci ilin sonunadək manatın məzənnəsi sabit qalacaq, devalvasiya ehtimalı isə azdır" — deyə agentliyin icmalında qeyd edilir.

Mövzunu Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov manatın məzənnəsinə 2 faktorun daha çox təsir göstərdiyini deyib: "Birincisi, neftin qiymətidir və bu, məzənnəyə birbaşa təsir göstərən faktordur. Nəticədə neftin qiyməti ölkəyə daxil olan valyutanın həcmini müəyyənləşdirir. Ölkəyə daxil olan valyuta da valyutaya olan tələbin ödənilməsi baxımından çox vacibdir. Azərbaycan ixracatının 90 faizini neft və neft məhsulları təşkil etdiyi üçün neftin dünya bazar qiyməti manatın məzənnəsinə təsir göstərən əsas faktor olaraq qalmaqdadır".

Onun sözlərinə görə, digər tərəfdən, Azərbaycanda məşğul əhalinin, təxminən, 93 faizi qeyri-neft sektorunda çalışır: "Eləcə də qeyri-neft ixracatı və qeyri-neft ixracatındakı əsas tərəfdaşlarımızın milli valyutalarının məzənnəsi manatın məzənnəsinə təsir göstərir. Azərbaycanın qeyri-neft ixracatı 1,5 milyard dollardır və bunun, təxminən, 30-40 faizi Rusiyanın payına düşür. Bu isə o deməkdir ki, qeyri-neft ixracatında Rusiyanın payı yarım milyard dollardan çoxdur".

"Qeyri-neft ixracatımızda əsas tərəfdaşlarımızın milli valyutalarının məzənnəsi manatın kursuna təsir göstərən ikinci əsas faktordur. Rusiya rublunun məzənnəsi dəyişərsə, manatın məzənnəsinə təsir göstərəcək. Çünki Azərbaycanın kənd təsərrüfatı məhsullarının 90 faizi Rusiya bazarına göndərilir" — ekspert deyib.

Bayramovun qənaətincə, manatın məzənnəsinə təsir göstərən faktorların proqnozlaşdırılması çox çətindir: "Çünki neftin dünya bazar qiyməti yalnız iqtisadi deyil, həm də siyasi faktorlarla müəyyənləşir. Növbəti illərdə manatın məzənnəsinin necə dəyişəcəyi daha çox xarici faktorlardan asılı olduğuna görə, onu proqnozlaşdırmaq asan deyil. Yəni neftin qiymətini proqnozlaşdırmaq çətin olduğu üçün manatın məzənnəsinin proqnozlaşdırılması asan deyil".

Manatın məzənnəsinin möhkəmlənməsinə gəldikdə isə, ekspert bildirib ki, Mərkəzi Bank hələlik manatın məzənnəsinin möhkəmlənməsində maraqlı deyil: "Mərkəzi Bank daha çox mövcud məzənnənin qorunub saxlanmasında maraqlıdır. Çünki manatın məzənnəsinin möhkəmlənməsi nəticədə Azərbaycanın qeyri-neft sektorunda istehsal edilən məhsulların xaricdə rəqabət imkanlarını xeyli məhdudlaşdıracaq".

"Manat möhkəmlənərsə, nəticədə Azərbaycanın qeyri-neft ixracatının azalmasına gətirib çıxara bilər. Çünki Azərbaycan məhsulları yenidən bahalaşacaq. O baxımdan güman etmirəm ki, Mərkəzi Bank manatın möhkəmlənməsində maraqlı olacaq" — müsahibimiz bildirib.

"Təbii ki, neftin qiyməti, ölkəyə daxil olan valyutanın həcmi kəskin artarsa, o zaman Mərkəzi Bank məzənnə siyasətinə korreksiyalar edə bilər. Amma indi reallıq odur ki, Mərkəzi Bank manatın möhkəmlənməsində maraqlı deyil" — deyə V.Bayramov əlavə edib.

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a deyib ki, AKRA agentliyinin qeydində bu hesablamaların neftin qiymətlərinin yüksək olduğu təqdirdə keçərli olduğu göstərilir: "Yəni neft qiymətlərinin 70-80 dollar civarında olması 2022-ci ilin sonunadək Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Təbii ki, bu, manatın kəskin devalvasiyasının qarşısını alacaq, məzənnənin cüzi möhkəmlənməsinə də səbəb ola bilər".

"Çünki Agentliyin də proqnozlarında göstərilən rəqəm 2023-cü ilədək manatın cəmi 4 qəpik möhkəmlənməsi ehtimalıdır. Yəni bu ehtimallar neftin qiymətlərinə paralel hesablanıb. Qiymətlərin artımı baş versə, ən az indiki səviyyələrdə olsa, təbii ki, bu, Azərbaycan iqtisadiyyatına da müsbət təsir göstərəcək. Və manatın kəskin devalvasiyasının qarşısını alan əsas amillərdən birinə çevriləcək" — Cəfərli vurğulayıb.

Ekspertin fikrincə, bundan sonra manatın kəskin devalvasiya ehtimalı çox aşağıdır: "Amma yaxın aylarda və illərdə neftin qiymətində azalmalar müşahidə olunsa, o zaman manata basqılar da artacaq. Və manatın az da olsa, dəyərdən düşməsi baş verə bilər. Ona görə həmin şirkətin hesabatında da əsas amil kimi dünya bazarlarında neftin qiymətləri götürülüb".

Qeyd edək ki, AKRA Agentliyinin analitiklərinin qiymətləndirmələrinə görə, manatın dollara nisbətən məzənnəsi sabit – 1,66-1,73 manat diapazonunda olacaq, proqnoz dövrünün sonuna isə 1,66 manat səviyyəsində qərarlaşacaq.