BAKI, 28 avqust — Sputnik. Bu gün azərbaycanlı yazıçı Əlibala Hacızadənin doğum günüdür. O, 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb (1953-1958).
"Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib. "İtkin gəlin" romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilib (1993-1994). "İtkin gəlin"dən savayı bu trilogiyaya "Əfsanəsiz illər" və "Ayrılığın sonu yoxmuş" romanları da daxildir.
Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı. 1980-ci illərin ikinci yarısında Ə.Hacızadənin qələmə aldığı "Möcüzə" romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirirdi.
Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərruxi Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Həmçinin bir sıra orta əsr mənbələrini dilimizə tərcümə edib.
Əlibala Hacızadə 2009-cu ilin oktyabr ayında vəfat edib.