HADİSƏ

Bərdə sakini öz cinayət ortağına rəfiqəsinin pullarının yerini deyib

Bərdədə mənzil qarət olundu və qarətçinin kim olduğu ortaya çıxdı
Sputnik

BAKI, 28 avqust — Sputnik. Bərdə sakini öz tanışının evinə cinayət ortağını gətirib. Bərdə rayon Polis Şöbəsinin əməkdaşları mənzilin qarət olunmasında şübhəli bilinən Türkmən kənd sakinlərini saxlayıb.

Bu barədə Sputnik Azərbaycan-a DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bərdə rayon sakini Təranə Cəfərova avqustun 27-də Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mənzildən 5200 manat və 300 ABŞ dollarının oğurlandığını bildirib.

Araşdırma zamanı məlum olub ki, oğurluğu törətməkdə Türkmən kəndinin sakinləri 1999-cu il təvəllüdlü Şöhrət Əliyev və onun tanışı Səbinə Cəfərova şübhəli bilinir. Avqustun 28-də səhər saatlarında polis "isti izlərlə" keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən bu şəxsləri sasxlayıb.

Polis maddi sübut kimi oğurlanmış pulların cütlüyün xərcləməyə fürsət tapmadığı qismini götürüb. O da məlum olub ki, Səbinə Cəfərova oğurluq baş verən anda zərərçəkmişin evində olub. Məhz o, öz cinayət ortağına rəfiqəsinin evində saxladığı pullar barədə məlumat verib.

Faktla bağlı Bərdə RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.