VİDEO

Cənub zonasında çəltik yığımına start verildi

Məqsədimiz növbəti istehsal dövründə qiymətləri 20-30% aşağı salmaqdır".
Sputnik

"2018-2020-ci illər üzrə Çəltikçiliyin inkişafı üzrə Dövlət proqramı bu ilin fevral ayında prezident İlham Əliyev tərəfindən təsdiq edildikdən sonra Cənub bölgəsində çəltikçiliyə ümumilikdə böyük maraq artıb" — deyə məsləhətçi aqronom Rövşən Əliyev Sputnik Azərbaycan-ın bölgə müxbirinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu Dövlət proqramının həyata keçirilməsi üçün daha geniş ərazilərdə çəltik əkməyə başlanılıb: "Astara və Lənkəran rayonlarında 360, Biləsuvar rayonu ərazisində 600 hektar sahədə çəltik əkib-becərmişik. Hazırda da yığıma start verilib. Əsasən, yerli və xarici düyü sortları əkilib. Bu il həm çəltikçilik, həm də digər kənd təsərrüfatı bitkiləri üçün digər illərə nisbətən quraqlıq keçsə də, böyük çətinlik və zəhmətlə keyfiyyətli məhsul yetişdirə bilmişik".

Aqronom qeyd edib ki, yığıma start verdikləri sahədə yüksək məhsuldarlıq var: "Orta məhsuldarlıq 60-70 sentnerdən yüksəkdir. Burada əkilən "Apollo" sortudur. Elə sortlarımız var ki, çox məhsuldar növdür, məsələn, "Okeana" sortu. Hər ikisi İtaliya düyüsüdür. Hazırda məhsuldarlıq da bizi qane edir, hava şəraiti də düyü yığımını aparmağa imkan verir".

Aqronom xarici sortlardan başqa, həmçinin yerli növ düyü də əkdiklərini deyib: "Bu, ən çox yayılan "Haşimi" sortudur. Bitkinin məhsuldarlıq göstəricisi aşağı olsa da, keyfiyyət göstəricisi yüksəkdir. Yəni bu sort düyünün həm gözəl ətri var, həm də Azərbaycan mətbəxinin tələbatına daha yaxın növ kimi qəbul olunur. Bu növ düyü istehsalçı üçün nisbətən çətinlik törədir. Düyünün bitkisi uzunboyludur, yatmağa meyllidir, məhsuldarlığı da aşağıdır. Lakin keyfiyyət göstəricisi digər sortlardan daha üstündür".

Həmsöhbətimiz Dövlət proqramına uyğun olaraq çəltikçiliyin, yerli məhsulun istehsalını artırmaqla daxili bazarda məhsulun qiymətini aşağı salma prinsipi əsasında işlədiklərini qeyd edib: "Çalışırıq ki, həm daxili tələbata, həm də əhalinin maddi rifahına uyğun olaraq məhsul istehsal edək. Hazırda bizim düyülər müxtəlif qiymətlərlə satılır. 1 manat 20 qəpikdən başlayaraq, 2 manat 80 qəpik, ən bahalısı isə "Haşımi" sortunun premium növü 3 manat 60 qəpiyə satılır. Məqsədimiz növbəti istehsal dövründə yenə qiymətləri 20-30% aşağı salmaqdır".

R.Əliyev vurğulayıb ki, hazırda düyü əkimində İtaliya texnologiyası tətbiq edilir: "Uzun müddət çəltikçilik çətin əl əməyi tələb edən sahə hesab edilib. İndi isə əkindən başlayaraq, məhsulun yığımına kimi, hər şey mexanikləşdirilib. Bizdə olan texnikalar da dövlət dəstəyi ilə, Lizinq yolu ilə alınıb. Sahələr normal şəkildə lazer malalarla işlənilir, toxumlar çeşidlənir. Çəltiyin yığımı ən çətin prosesdir, bunu da 3 ədəd "Laverda" tipli kombaynımızdan istifadə etməklə yığırıq. Sonra İtaliyadan gətirilən "Mexmar" qurutma qurğusunda quruduruq. Bu qurğuda 40 ton məhsul 8-10 saat ərzində qurudulur, standartlara uyğun nəmliyə çatdırılıb qablaşdırılır".

Rövşən Əliyev onu da bildirib ki, hava şəraiti imkan verəcəyi təqdirdə, 3 kombayndan istifadə etməklə Lənkəran və Astarada 22-25 gün müddətində çəltik yığımını başa çatdıracaqlar. Ardınca isə Biləsuvar ərazisində salınmış 600 hektar çəltik sahələri biçiləcək.