TƏHLİL

Qonşularımız havadan pul qazanır, biz də ilk qədəmlərimizi atmağa başlamışıq

"Azərbaycanın regionlarındakı bəzi hotellər, Xəzər dənizinin ətrafında bəzi obyektlər öz enerji təminatı üçün kiçik günəş panellərindən istifadə edir"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı yanacaqdoldurma məntəqələrində günəş enerjisindən istifadə olunacaq. Bu barədə ötən günlərdə "Socar Georgia Petroleum" şirkətinin direktoru Levan Giorqadze məlumat vermişdi.

O bildirmişdi ki, şirkət yanacaqdoldurma məntəqələrinin dam örtüyünə günəş panellərinin quraşdırılması imkanlarını təhlil edir: "Biz 5 il ərzində yanacaqdoldurma məntəqələrimizin elektrik enerjisinə olan tələbatının 20-30%-nin günəş enerjisi hesabına ödənilməsini nəzərdə tuturuq".

L.Giorqadze, həmçinin SOCAR-ın məntəqələrində elektrik avtomobillərin yüklənməsi üçün portların sayının artırdığını da qeyd etmişdi.

Enerji məsələləri üzrə ekspert İlham Şaban Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Gürcüstanda hava limanının yaxınlığında avtodayanacaqların üzəri günəş panelləri ilə örtülüb: "Bu günəş panellərindən alınan enerji həm ətrafın işıqlandırılmasına, həm də qismən hava limanının enerji təminatına sərf edilir. Eyni zamanda, yağışdan, günəşdən qorunmaq üçün bundan istifadə edilir".

"SOCAR baxıb ki, alternativ enerjidən Gürcüstanda kifayət qədər yararlanırlar. O da yanacaqdoldurma məntəqələrinin dam örtüyünə günəş panelləri quraşdırmaq niyyətindədir. Bunu alqışlamaq lazımdır ki, qənaət rejiminə keçir və öz xərclərini optimallaşdırır" — deyə İ.Şaban bildirib.

Ekspert onu da xatırladıb ki, Azərbaycanın regionlarındakı bəzi hotellər, Xəzər dənizinin ətrafında bəzi obyektlər öz enerji təminatı üçün kiçik günəş panellərindən istifadə edir: "Bu kiçik panellər "Sədərək" ticarət mərkəzində satılır, Çin məhsullarıdır, ancaq keyfiyyətlidir".

"Dünya təcrübəsinə baxsaq, söhbət təkcə günəş batareyalarından getmir. Havadan enerji alan panellər quraşdırılır və onun enerjisindən istifadə edilir. Türkiyədə də bunlardan istifadə olunur. Sərfəlidir ki, bunlara investisiya qoyulur" — İ.Şaban qeyd edib.

Ekspert elektrik avtomobillərindən də danışıb, bildirib ki, bizdə elektrik avtomobillərinin satışı ilə məşğul olan bir mağaza var və orada çox bahalı avtomobillər satılır: "Çünki bizdə elektrik avtomobillərinin idxalı ilə bağlı dövlət tərəfindən heç bir güzəşt yoxdur. Azərbaycanda nə qədər elektromobil olması ilə bağlı heç bir statistikaya rast gəlməmişəm. Amma Gürcüstanda yayılıb".

Qeyd edək ki, "Socar Georgia Petroleum" şirkətinin direktoru Levan Giorqadze bildirib ki, ümumilikdə 7 yanacaqdoldurma məntəqəsində elektrik avtomobillərin yüklənməsi üçün aparatlar quraşdırılıb: "Bu, bizim müştərilərə bütün Gürcüstan üzrə, Telavidən Batumiyə qədər elektrik avtomobillə səyahət etmək imkanı verir".