MƏDƏNİYYƏT

İtaliya şəhərlərini Azərbaycan mahnıları bürüyüb – VİDEO

Cütlük Kolizeyin qarşısında “Küçələrə su səpmişəm”, Venesiyada "Gəl barışaq" ifa edib
Sputnik

BAKI, 27 avqust — Sputnik. Street cover layihəsi çərçivəsində bütün dünya səyahət edən azərbaycanlı cütlük Rizvan Əliyev və Röya Miriyeva İtaliya küçələrində məşhur Azərbaycan mahnılarını səsləndiriblər.

Sputnik Azərbaycan bu barədə onların “Instagram”-dakı paylaşımlarına istinadla xəbər verir.

Onlar Romanın simvolu olan Kolızeyin qarşısında "Küçələrə su səpmişəm" mahnısını oxuduqları videoçarxı paylaşıblar. "Eramızın 72-ci ilində tikilmiş, Qədim Romanın ən əzəmətli, tarixi abidəsi Kolizeyin qarşısında, xalq mahnımız "Küçələrə su səpmişəm"i ifa etdik" — deyə cütlük Instagram hesabında bildirib.

Onlar Venesiya səfərində isə bəstəkar Elza İbrahimovanın "Gəl barışaq" mahnısını ifa ediblər.

"Gəzərkən özümüzü Renesans dövründə hiss etdiyimiz, İtaliyanın “Sular şəhəri”, “Kanallar şəhəri” adlandırılan, romantik və tarix qoxulu Venesiya şəhərində sənətkar Elza İbrahimovanın "Gəl barışaq" mahnısını ifa etdim" – Röya yazıb.

Qeyd edək ki, Rizvan Əliyev tarda, Röya Miriyeva isə gitarada ifa edir və həm də oxuyur.

Cütlüyün məqsədi Azərbaycan musiqisini bütün dünyada təbliğ etməkdir. Onlar əsasən məşhur yerlərin və şəhərlərin fonunda retro mahnıları oxuyurlar.

Röya Miriyeva və Rizvan Əliyev nişanlıdırlar. Onların birgə yaradıcılıq yolu 2010-cu ildə, eyni ansamblın tərkibində çıxış etdikləri zaman başlayıb. 2018-ci ildə cütlük Amerikaya gedib, orada konsertdə çıxış ediblər. Elə o zaman da Street cover layihəsinin ideyası doğulub. Onlar bu layihəni davam etdirmək niyyətindədirlər.