CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblərin rus bölmələrinə hücum: Boş yer yoxdur, müəllim də çatışmır

Təhsil Nazirliyindən bu məsələ ilə bağlı ətraflı məlumat verəcəklərinə söz veriblər
Sputnik

BAKI, 27 avqust — Sputnik. Bakı və Abşeron məktəblərinin rus bölməsində yerlər çatışmır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu problemlə uşaqlarını 1-ci sinfə göndərən onlarla valideyn qarşılaşıb. Öz uşaqlarını on-line qeydiyyatdan keçirən valideynlər onları müvafiq yerlərə yerləşdirə bilməyiblər. Çünki uşaqların məktəblərə on-line qəbulu prosesi yazda başlayıb və indiyədək rus bölməsindəki bütün siniflər komplektləşib.

Bununla əlaqədar olaraq, Təhsil Nazirliyinin Abşeronda uşaqların məktəblərə qəbulunu həvalə etdiyi Bakı şəhər Təhsil İdarəsi valideynlərə öz uşaqlarını Azərbaycan bölmələrinə qeydiyyata saldırmağı tövsiyə edib.

Nazir Ceyhun Bayramov qəzalı məktəb probleminə aydınlıq gətirdi

İdarədə valideynlərə ən müxtəlif səbəblərdən – ya pedaqoq çatışmazlığından, ya da digər rayonlarda qeydiyyatla bağlı uşaqların 1-ci sinfə qəbul edilmədiyi bildirilib.

Oxşar problemlə Bakı şəhər sakini Nailə Bayramzadə də qarşılaşıb. O, 6 yaşlı oğlu Emini məktəbə elektron qəbul sistemində qeydiyyatdan keçirib. Lakin oğlunu heç cür Suraxanı rayonundakı 76 saylı məktəbin 1-ci sinfinə yerləşdirə bilməyib.

Valideyn bildirib ki, bu, onların evlərinin yaxınlığındakı yeganə rus bölməsi olan məktəbdir. Üstəlik, onun böyük oğlu da bu məktəbdə təhsil alır. Kiçik oğlunu isə yer çatışmazlığı ilə əlaqədar olaraq məktəbə götürmürlər. Bayramzadə artıq Bakı şəhər Təhsil İdarəsinin səlahiyyətli şəxslərinin qəbulunda olub. Lakin ona heç cür kömək etməyiblər. Ona uşağı Azərbaycan bölməsinə yazdırmağı təklif ediblər. Lakin ana bildirir ki, o, uşağına ev tapşırıqlarını Azərbaycan dilində başa sala bilməyəcək, çünki özü məktəbin rus bölməsini bitirib. Bununla əlaqədar olaraq qadın Prezident Administrasiyasına şikayət edib və cavab gözləyir.

Eyni problemlə bağlı Facebook sosial şəbəkəsinin istifadəçisi Gülnarə Məmmədova da paylaşım edib. O, Ceyranbatan qəsəbəsində yaşadığını bildirib. Onun evinin yaxınlığında rus bölməsi olan sadəcə bir məktəb var. Məmmədovanın qızı Rusiyada doğulub. Sənədlərində müəyyən problemlər olduğundan, valideynləri onun sənədlərini məktəbəqədər hazırlıq qrupuna verə bilməyiblər. Lakin 13 mart 2018-ci ildə uşağı birinci sinfə elektron qaydada qeydiyyatdan keçiriblər. Ana onlara lazım olan məktəbi seçə bilməyib, çünki sinifdə şagird limiti bitib.

Ötən ilki məktəbəqədər hazırlıq sinfinin şagirdləri birinci sinfə avtomatik olaraq keçiriliblər. Odur ki, sinifdə əlavə yer qalmayıb. Məmmədova təklif edir ki, Təhsil Nazirliyinə yeni siniflərin açılması və pedaqoq ştatının artırılması ilə bağlı müraciət edilsin. Əks təqdirdə bütün gözləntilər faydasız olacaq.

Qeyd edək ki, bunlar yeganə hal deyil. Hər gün Bakı şəhər Təhsil İdarəsinə etiraz cavabı alan yüzlərlə valideyn zəng edir. Onların hamısına öz mövqeyini dəyişmək və Azərbaycan dilində təhsili seçmək təklif olunur.

Valideyn övladının sinifini dəyişən direktoru güllələdi

Məlumatlı mənbələrin məlumatına görə, təhsil sistemində rus bölməsi üzrə pedaqoqlar çatışmır. Üstəlik, vakant müəllim yerlərinə keçirilən imtahanlarda rusdilli müəllimlər yüksək nəticələr göstərə bilmirlər. Nəticədə, təhsil sistemindəki məmurlar belə bir dilemma qarşısında qalırlar: ya işə ixtisasını yaxşı bilməyən kadrları götürərək bütöv bir nəsli intellektual cəhətdən məhv eləmək, ya da əlavə rusdilli qruplara uşaqları qəbul etməkdən imtina etməklə qəzəbli valideynlər ordusu ilə qarşılaşmaq.

Təhsil Nazirliyindən bu məsələ ilə bağlı ətraflı məlumat verəcəklərinə söz veriblər.

Lakin hələlik bu qeyri-müəyyən vəziyyət valideynləri ciddi şəkildə narahat edir. Onlar uşaqlarını məktəblərə necə qoyacaqlarını bilmirlər. Məktəblərdə dərslərin başlamasına — 15 sentyabr tarixinə isə çox az vaxt qalıb. Eyni zamanda, valideynlər öz uşaqlarına da heç cür izah edə bilmirlər ki, onları niyə məktəbə götürmürlər.

Paytaxt məktəblərindən birinin adının çəkilməsini istəməyən direktoru yaranmış situasiyanı izah edib.

O bildirib ki, hələ 2018-ci ilin mart ayında valideynlərin bir hissəsi uşaqlarını qeydiyyatdan keçirib, digər hissəsi isə yox. Yeni siniflərin isə açılması mümkün deyil. Artıq qeyd etdiyimiz kimi, yaxşı pedaqoqlar yoxdur. Bundan əlavə, məktəblərdə də əlavə sinif açmaq üçün yerlər çatışmır. Üstəlik, birinci sinfin rus bölmələrinə qəbul edilən uşaqların yarısı rus dilini bilmir.

Rus dilini bilməyən uşaqların tutduğu yerləri rusdilli uşaqlara vermək mümkündür. Əgər nazirlik şəxsən yoxlama aparsa, rus bölmələrinə qəbul edilmiş, ancaq rus dilini bilməyən uşaqların çox olduğunu aşkarlaya bilər. Məktəblərdə rus bölməsinə bu qədər adam axın edərkən, Azərbaycan bölmələrində uşaq çatışmazlığı da digər diqqətçəkən məqamlardandır.

Medalın digər üzü də var. Rus bölmələrində əsl problem ibtidai siniflərdən sonra başlanır. Təhsil Nazirliyi işə həqiqi savadlı fənn müəllimlərini qəbul edə bilmir. Savadlı rusdilli fənn müəllimləri ya təqaüdə çıxıblar, ya ölkəni tərk edib xaricə gediblər, ya da dünyalarını dəyişiblər. Doğrudur, onların yerinə gənc kadrlar gəliblər. Lakin bu kadrların diplomları olsa da, özlərinə də dərs keçən adam lazımdır. Ancaq onları heç cür əvəz etmək də mümkün deyil. İşə qəbulla bağlı testdən keçərkən demək olar ki, onların hamısı eyni nəticəni göstərirlər.

Təhsil naziri gözlənilən əmri verdi

Bütün bunlar isə nəticədə təhsil prosesinə mənfi təsir göstərir. Bu minvalla ildən-ilə buraxılış imtahanlarında şagirdlərin göstəriciləri aşağı düşür. Bu, həm Azərbaycan, həm də rus bölmələrində müşahidə edilir.

Sözügedən problemləri nəzarət altına almaq üçün təhsil naziri Ceyhun Bayramov bu yaxınlarda 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri ilə bağlı əmr imzalayıb. Burada fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, şagirdləri davamlı olaraq zəif nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə mövcud qanunvericiliyə uyğun baxılıb təkliflərin verilməsi nəzərdə tutulub. Əmrdə həmçinin qeyd olunur ki, məktəblərdə şagird kontingenti tam optimallaşdırılmalı, yaşayış ərazisi daxilində yaşayan məktəbyaşlı uşaqların təhsildən kənarda qalması hallarına yol verilməməli, bununla əlaqədar valideynlərlə, eləcə də aidiyyəti təşkilatlarla əməkdaşlıq gücləndirilməlidir.