HADİSƏ

Füzulidə avtomobil “təcili yardım”la toqquşdu, uşaq öldü

Qəza nəticəsində “Təcili yardım” avtomobili yolun kənarındakı çökəkliyə düşüb
Sputnik

BAKI, 27 avqust — Sputnik. Füzuli rayonunda azyaşlının ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın "Report"a istinadla verdiyi məlumata görə, Beyləqan- Horadiz yolunun Böyük Bəhmənli kəndindən keçən hissəsində "Mercedes" markalı avtomobillə “Təcili yardım” maşını toqquşub.

Qəza nəticəsində “Təcili yardım” avtomobili yolun kənarındakı çökəkliyə düşüb, "Mercedes"də olan 7 yaşlı Rusif Namazlı hadisə yerində dünyasını dəyişib.

Digər iki sərnişin — 6 yaşlı Aqşin Namazlı və 33 yaşlı Nigar Namazova isə yaralanaraq ağır vəziyyətdə Zobucuq qəsəbəsində yerləşən Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər yaralıların vəziyyətinin orta-ağır olduğunu bildirib.

Polis faktla bağlı araşdırma aparır.