SƏHİYYƏ

Bir çoxlarının sevimli həşəratı da insan ölümünə səbəb olur

Adil Qeybulla: "Bu cür insan ölümləri bir neçə dəfə baş verib"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 26 avqust — Sputnik. İnsan orqanizmi üçün təhlükəli həşərat deyəndə hörmüçəklər, əqrəblər yada düşür. Amma heç kimin ağlına gəlməzdi ki, insanların sevdikləri arıların da bir çox növləri insanı sancması nəticəsində onu öldürə bilər. Hətta Bakı şəhərində bir neçə gün öncə 1961-ci il təvəllüdlü Nizami Mirzəyev arı sancması nəticəsində dünyasını dəyişib. Sputnik Azərbaycan arıların insan üçün nə dərəcədə təhlükəli olduğunu mütəxəssislərdən soruşublar.

Həkim Adil Qeybulla deyir ki, təbii zəhəri olan hər bir həşərat insan üçün qorxuludur: "Çünki, təbii zəhərlərin hər biri öldürücü təsir göstərə bilər, allergik təsir edər, ağır vəziyyət yarada bilər. İri növ arıların zəhəri çox toktikidir və insan orqanizmi bu arıların zəhərinə əks təsir göstərə bilər. Xüsusilə allergiyaya meyilli insanlarda şok da yaratma ehtimalı da var. Qısa müddətdə qıtlağın spazmı, təzyiqin enməsi kimi hallar baş verə bilər. Bu da nəticədə ölümə gətirib çıxara bilər. Bu cür insan ölümləri bir neçə dəfə baş verib". 

Və ölüm… sonra nə olur?

"Təəssüflər olsun ki, son vaxtlar da bal arılarının sayının azalması, digər zəhərli arı növlərinin sayının artması prosesi gedir. Bunların da sayı artdıqca insanlarla qarşılaşma şansı çoxalır. Əslində insanlara arı hücum eləmir. Sadəcə insan bədəninə oturan zaman insan onu qovmaq istəyəndə qorxusundan insanı sancır və bu da belə problemlərə gətirib çıxarır"-deyə həkim əlavə edib.

O, bildirib ki, yardım olunana kimi birinci insan sakit dayanmalıdır: "İnsan hərəkət edəndə və panikaya düşəndə onun ürək döyüntüsü artır və zəhərin qanda daha çox yayılmasına səbəb olur. Digər tərəfdən isə tez bir zamanda tibbi yardım göstərilməlidir ki, zəhərin əks təsiri olmasın".

Dermatoloq Mahir Məmmədli deyir ki, arı zəhəri qədim zamanlardan bəzi xəstəliklərin dərmanı kimi istifadə edilib: "Əvvəllər şərqdə daha geniş yayılan arı zəhəri ilə müalicə üsulu sonradan Avropada da geniş istifadə olunmağa başlayıb. Normalda arı insanı sancdıqda az dozada olan zəhər insana müalicəvi effekt yaradır. Amma bəzi insanların orqanizmi arı zəhərinə qarşı həssas olduğu üçün problemlər yarana bilir və hətta həmin insanın ölümü ilə də nəticələnə bilir. Amma bu çox nadir hallarda baş verir. Amma ilkin tibbi yardım göstərməklə təhlükəni sovuşdurmaq olar".