BAKI, 26 avqust — Sputnik. Beyin xərçəngindən əziyyət çəkən amerikalı respublikaçı senator Con Makkeyn 81 yaşında dünyasını dəyişib.
Sputnik Azərbaycan xəbər verir ki, bu xəstəlik senatorda 2017-ci ilin iyununda aşkar olunmuşdu.
Cümə günü yaxınları onun müalicədən imtina etdiyini bildirmişdilər.
Con Makkeyn 2000 və 2008-ci illərdə ABŞ prezidentliyinə namizəd olub.
Vyetnam müharibəsində pilot kimi iştirak edən Makkeyn 1967-ci ildə düşmənə əsir düşüb və 6 il əsirlikdə qalıb. Bir neçə il tək adamlıq pəncərəsiz kamerada saxlanıb. Vyetnamlılar onu erkən azad etmək istəsələr də, digər əsirləri qoyub getməyərək qalmağa üstünlük verib. Əsirlikdəki işgəncələrin izlərini Makkeyn ömrü boyu özü ilə gəzdirib, onun əlləri yaxşı işləməyib.
1986-cı ildə Barri Qolduoterə qalib gələrək Arizona ştatından senator seçilib. Qatı anti-Rusiya mövqeyi ilə fərqlənib.