CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Gənclik" stansiyasında yenilik olacaq

90 fotodan ibarət sərgi sentyabrın 10-da açılacaq və bir neçə ay davam edəcək
Sputnik

BAKI, 24 avqust — Sputnik. Bakı metropolitenində daha bir əhəmiyyətli sosial layihə həyata keçiriləcək. 

Bakı Metropolitenindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mühüm tarixi, sosial-ictimai mövzunu əhatə edən layihə "Bakı Metropoliteni" QSC və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin birgə təşkilatçılığı ilə ərsəyə gələcək.

"Bu il şanlı tarixə malik Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edir. Əlamətdar hadisə ilə əlaqədar metropolitenin "Gənclik" stansiyasının keçidlərində fotosərgi təşkil ediləcək. Bununla, stansiya keçidlərindən istifadə edən paytaxt sakinləri və şəhərimizin qonaqları, metro sərnişinləri, eləcə də mövzu ilə maraqlanan hər kəs Xəzər sularında gəmiçiliyin inkişaf tarixinə virtual səyahətə çıxmaq fürsəti əldə edəcəklər"- deyə QSC-dən bildirilib.

Ümumilikdə, Xəzərdə Azərbaycan gəmiçiliyinin salnaməsini canlandıran, müxtəlif dövrləri əhatə edən 90 fotodan ibarət sərgi sentyabrın 10-da açılacaq və bir neçə ay davam edəcək.