Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 22 avqust — Sputnik. Rusiyalı bloqçu Aleksandr Pilot həyat yoldaşı Darya Pilotla birlikdə dünyanın müxtəlif ölkələrinə səyahət edirlər. Onlar bu yaxınlarda Azərbaycana da səyahət etmək qərarına gəliblər və ölkəmizlə bağlı təəssüratlarını özlərinin sosial şəbəkələrdəki hesablarında paylaşıblar.
Sputnik Azərbaycan bloqçu cütlüyün paylaşdığı videolar əsasında bildirir ki, cütlük Dağıstan səfərindən sonra avtostopla Azərbaycana gəlmək qərarına gəliblər. Onlar ölkəmiz haqqında tanışlarından eşitdiklərini, internetdə gördüklərini öz gözləri ilə görmək istəyiblər. Gömrük keçid məntəqəsindən böyük çətinliklə keçəndən sonra yolda tanış olduqları insanların məsləhəti əsasında ilk olaraq Xaçmazı ziyarət ediblər.
"Bizə bu rayonu məsləhət gördülər və biz ora getməli olduq. Düzünü deyək ki, sonra buna görə çox peşman olduq. Çünki buranın sakinlərindən heç kəs rus dilini başa düşmürdü. Biz onlara nəyisə izah etməkdə çox çətinlik çəkdik" — deyə cütlük bildirib.
Xaçmazdan sonra onlara Nabranı ziyarət etmək məsləhət görülüb. Aleksandrla həyat yoldaşı buradakı istirahət komplekslərdən birində dincəliblər və buna peşman olmayıblar. Nabrandan sonra onlar Xınalığı və Şəkini ziyarət ediblər.
"Şəki çox gözəl şəhərdir. Bu, bizim gördüyümüz Azərbaycan rayonları içərisində ən turistik və ən tarixi rayondur. Xınalıq kəndi də xoşumuza gəldi. Ora çatanda bizdə elə bir hiss yarandı ki, sanki Hindistandayıq. Maşının hər tərəfindən uşaqlar yaxınlaşaraq əllərindəki şeyləri satmağa çalışır və bizdən onları almağı xahiş edirdilər. Düzünü desək, bu bizi bir qədər narahat etdi" — deyə cütlük bildirib.
Bir neçə rayonu ziyarət edəndən sonra cütlük hər şeydən çox görmək istədikləri Bakıya gəliblər. Onlar burada kiçik bir mənzil kirayələyiblər. Lakin belə isti havada bu mənzildə kondisioner və sərinkeş olmayıb. Cütlük Bakıda İçərişəhəri, Qız qalasını ziyarət edib. Lakin qalanın başına çıxmayıblar. Çünki turistlər üçün tətbiq edilən 12 manat qiymətin həddindən artıq bahalı olduğunu düşünüblər.
Maraqlıdır ki, dünyanın bütün böyük şəhərlərində norma olan bir hal rusiyalı qonaqların xoşuna gəlməyib.
"Burada maşını yalnız müəyyən olunmuş yerlərdə parklamaq olar və bu bizim qanımızı qaraltdı. Odur ki, şəhərə maşınla çıxmağı tövsiyə etmirik" — deyə bloqçular bildirib.
Onların ən çox Azərbaycan mətbəxi xoşlarına gəlib. Onlar burada qutabın, dolmanın, plovun, dovğanın, eləcə də şirniyyatların dadına baxıblar. Cütlüyün dediyinə görə, Azərbaycanda daha çox Qobustanın palçıq vulkanlarına heyran qalıblar.
Bloqçular Azərbaycan toyunda iştirakdan da məmnun qalıblar. Onları toya Bakıda qaldıqları evin sahibi qonaq qismində dəvət edib. Cütlük oğlanın qohumları ilə birlikdə Lənkərana qız toyunda iştirak etməyə yollanıb.
"Əvvəl qızın, sonra isə oğlanın toyunun olması bizi heyrətləndirdi. Toyda yalnız Azərbaycanın milli musiqiləri səsləndi və Azərbaycan rəqsləri çox xoşumuza gəldi. Onlar orijinal idi. Biz də toyda ürəkdən rəqs etdik" — deyə cütlük etiraf edib.
Cütlük ən böyük çətinliklə Azərbaycanı tərk edib Gürcüstana keçərkən qarşılaşıb. Onları ölkədə 10 gündən artıq qaldıqları üçün sərhəddə saxlayıblar. Burada qeyd etmək lazımdır ki, Azərbaycanın miqrasiya qanunvericiliyinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşadıqları yer üzrə qeydiyyatdan keçməlidirlər.
"Biz Azərbaycan sərhəddini "döyüşərək" keçdik. Hər şey onunla bitdi ki, bizi deportasiya etdilər. Biz nə qədər ki, adambaşına 400 manat cəriməni ödəməmişik, Azərbaycanı ziyarət etmək hüququmuz yoxdur. Əgər biz iki ay müddətində bu pulu ödəməsək, üzərinə faiz gələcək. Gürcüstan gömrüyündə isə biz heç bir problemlə üzləşmədik" — deyə cütlük bildirib. Onlar əlavə ediblər ki, bir daha Azərbaycana qayıtmaq fikirləri yoxdur.
Qeyd edək ki, blogger Aleksandr Pilot 2016-cı ildən dünya ölkələrinə səyahət edir.