İQTİSADİYYAT

Nazirlik Qurban bayramı ilə bağlı fermerlərə müraciət etdi

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyir ki, Qurban bayramında bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara, ümumilikdə, 13 min baş heyvan çıxaracaq
Sputnik

Vüqar Hüseynov: “Fermerlər damazlıq heyvanları satışa çıxarmasınlar”
Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov Sputnik Azərbaycan-a bildirib ki, avqustun 21-dən 23-dək keçiriləcək yarmarkalarda, ümumilikdə, 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub:   

“Satış üçün nəzərdə tutulan 20 min baş heyvan Kənd Təsərrüfatı Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin iri sahibkarlara tövsiyəsi əsasında qonşu ölkələrdən, əsasən də Gürcüstandan gətirilib. Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara, ümumilikdə, 13 min baş heyvan çıxaracaq. Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara təxminən 1000-1500 baş iri və xırda buynuzlu heyvanlar gətiriləcək. Qonşu ölkələrdən xırdabuynuzlu heyvanların gətirilməsində məqsəd bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirməkdir. Həmçinin Kənd Təsərrüfatı Nazirliyi Qurban bayramı ilə əlaqədar olaraq, fermerlərə müraciət edib ki, yerli və xarici damazlıq heyvanları satışa çıxarmasınlar. Bu addım heyvanların genefondunun qorunması məqsədi ilə atılıb”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır.

Vüqar Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz