Gürcüstan Rusiyanı niyə məhkəməyə verib?

"Gürcüstan Rusiya Federasiyasına qarşı" dövlətlərarası iddia qaldırılıb
Sputnik

BAKI, 22 avqust — Sputnik. Gürcüstan Ədliyyə Nazirliyi avqustun 21-də Strasburq Məhkəməsində "Gürcüstan Rusiya Federasiyasına qarşı" dövlətlərarası iddia qaldırıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, iddia "Abxaziya və Cənubi Osetiyada və "işğal xətti"ndən kənarda yaşayan gürcü əhalisinə qarşı kütləvi sıxışdırma, həbs, hücum və qətl halları" ilə bağlıdır.

"Bu kimi hallar 2008-ci il müharibəsindən sonra xüsusilə artıb və bu ilin fevralında Arçil Tatunaşvilinin işgəncə verilərək öldürülməsi ilə kritik həddə çatıb. Sonuncu şəxs işgəncələrə məruz qalıb və öldürülüb" — deyə Gürcüstanın Ədliyyə Nazirliyindən bildiriblər.

Nazirlik hesab edir ki, davam edən işğal və ölkə əhalisinə qarşı məqsədli şəkildə həyata keçirilən kampaniyalarla Avropa Konvensiyasının bir neçə maddəsini pozan Rusiya məsuliyyətə cəlb edilməlidir.