CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toy karvanları kameralarla nəzarətə götürüldü

DYP tövsiyə edir ki, karvanda 6 maşın olsun və bir cərgə üzrə sağ zolaqla getsinlər
Sputnik

BAKI, 21 avqust — Sputnik. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi toy karvanları ilə bağlı sürücülərə, toy sahiblərinə və avtomobil icarəyə verən şəxslərə müraciət edib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, son vaxtlar toy karvanlarında yol hərəkəti qaydalarının kobud şəkildə pozulması halları daha çox müşahidə olunur. Bununla bağlı Dövlət Yol Polisi İdarəsi ciddi mübarizə tədbirlərinə əl atıb. Belə ki, bu sahədə təbliğat işləri aparılır, sürücülərə xəbərdarlıq olunur, toy karvanlarının hərəkəti ilə bağlı qaydalar izah edilir.

Lakin DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, yenə də bəzi toy karvanlarında avtoxuliqanlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, başqalarının hərəkətinə mane olan, tıxac yaradan və digər qayda pozan sürücülərin sayı azalmır. Bütün toy karvanlarını kameralar vasitəsilə nəzarətə götürən Dövlət Yol Polisi İdarəsi bunu nəzərə alaraq sürücülərə bir daha müraciət edir ki, toy karvanlarında maksimum 6 avtomobilin iştirakı daha məqsədəuyğundur. Eyni zamanda, bu avtomobillər karvan şəklində yalnız bir zolaq üzrə sağ tərəfdə hərəkət etsələr daha yaxşı olar.