Sabiq müdafiə naziri axtarışa verildi - Qonşuda

Jurnalistlərin Arutyunyanın Rusiyada olmasına dair sözlərini şərh edən polis rəisi vurğulayıb ki, hüquq mühafizə orqanları bu barədə KİV-dən çox məlumata malik deyil
Sputnik

BAKI, 21 avqust — Sputnik. Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan 2008-ci il etiraz aksiyalarının dağıdılması işi üzrə dövlətlərarası axtarışa verilib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Respublikanın polis rəisi Valeri Osipyan jurnalistlərə açıqlamasında bildirib.

"Arutyunyan dövlətlərarası axtarışa verilib, hələlik İnterpol xətti ilə deyil", — deyə Osipyan qeyd edib.

Jurnalistlərin Arutyunyanın Rusiyada olmasına dair sözlərini şərh edən polis rəisi vurğulayıb ki, hüquq mühafizə orqanları bu barədə KİV-dən çox məlumata malik deyil.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Koçaryan 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılmasına əmr verməkdə ittiham olunub. 10 nəfərin ölümünə səbəb olan aksiyalarla əlaqədar ona qarşı bir qrup şəxslə əlbir olaraq konstitusiya quruluşunu devirmək barədə ittiham irəli sürülüb. Koçaryan bir müddətlik həbs olunub. Daha sonra o məhkəmənin qərarı ilə azad olunub.

Xatırladaq ki, eyni cinayət işi üzrə həbs edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov 5 milyon dram (11 min ABŞ dolları) girov qoymaqla zaminə buraxılıb.