Ölkə rəhbərliyinin "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" sərəncamına baxmayaraq, hələ də Bakı küçələrində heyvanların kəsilib satılması halları davam edir. Bu hal özünü xüsusilə Qurban bayramı ərəfəsində göstərir.
Sputnik Azərbaycan-ın müxbiri bu günlərdə hətta paytaxtın ən qaynar yerlərinə yaxın ərazilərdə belə qurbanlıq heyvanların qanunsuz olaraq toplandığının, kəsildiyinin və inanclı insanlara satıldığının şahidi olub.
Heyvanlar müvəqqəti qurulmuş darısqal tövlələrə doldurulur və oradan da satışa çıxarılır. Yəqin ki, heç kəsə yaşayış binalarının yaxınlığında yerləşən bu ərazilərdə heyvanların toplanmasının və kəsilməsinin ətrafı çirkləndirdiyini, həmin çirkab və qan gölməçələrinin xəstəlik mənbəyi olduğunu izah etməyə ehtiyac yoxdur.
Və bütün bunlar şəhər sakinlərinin və azyaşlı uşaqların gözü qarşısında baş verir. Uşaqların gözü qarşısında bu vəhşiliyi nümayiş etdirərək onlara psixoloji travma yaşatmağın da yəqin ki, bir mənası yoxdur.
Qanunsuz heyvan kəsimi antisanitariya yaradır və şəhər sakinlərinin sağlamlığını təhlükə altına atır. Bununla yanaşı, onlar piyadaları da narahat edir. Çünki heyvan ehtiyatı və kəsimdən sonrakı tullantılar küçələrin səkilərində qalır, bu isə həm piyadalar, həm də nəqliyyat vasitələri üçün problem yaradır.
Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyi bu günlərdə Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib. Müraciətdə bayram ərəfəsində vətəndaşlara və bu sahədə fəaliyyət göstərən şəxslərə dini ayinlərlə yanaşı, həm də müvafiq qanunvericiliyin tələblərinə uyğun heyvan kəsiminin həyata keçirməsini tövsiyə edilir. Bayram günlərində heyvan kəsimi ilə məşğul olan şəxslərdən şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan kəsimini, baytarlıq-sanitariya və gigiyena normalarına uyğun şəkildə yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılmış kəsim məntəqələrində həyata keçirmələri xahiş olunur.
Bildirilir ki, bununla bağlı lazımi şəraitin yaradılması üçün Agentliyin səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirib və müvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün yerlər müəyyənləşdirilib. Bayram günlərində heyvan kəsimi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcədən yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidir.
Bu il iyun ayının 11-də AR Prezidentinin verdiyi "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" sərəncamda isə ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədi ilə müvafiq qərar əksini tapıb. Bu sərəncama əsasən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması (sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla) ilə bağlı tədbirlər görmək tapşırılıb.
Sərəncamda həmçinin qeyd olunur ki, Agentlik Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində tədbirlər görməlidir.
Ancaq şəhər əhalisinin qəzəbinə, ölkənin mövcud qanunlarını, baytarlıq və sanitar-gigiyenik normalarını, habelə sağlam düşüncə, əxlaq və cəmiyyətin bütün digər qaydalarını pozduqlarına baxmayaraq, bir çox sahibkar bayram ərəfəsində yol kənarlarında və yaşayış binalarının həyətlərdə real qəssabxanalar təşkil ediblər.
Onlar təkcə heyvan kəsimi ilə bağlı mövcud normaları pozmayıblar, həm də heyvanları kəsmək, soymaq, asmaq və qarınlarından çıxan ifrazatı axıtmaq üçün lazım gələn yerləri də birbaşa insanların hərəkət etdikləri məkanların düz üstündə qurmaqla onlara diskamfort yaradır, üstəlik həmin guşələri sakinlərin həyatı üçün təhlükə yaradan xəstəlik mənbəyinə çevirirlər.
Azyaşlı uşaqlar isə insanların heyvanlarla bu qeyri-insani davranışlarını görürlər və bu, onların psixikasına mənfi təsir göstərir. Burada həmçinin dinin tələbləri də pozulur. Çünki dini qaydalara görə, bir heyvanı başqa heyvanın gözü qarşısında kəsmək qadağandır. Hətta qurbanın gözü qarşısında bıçağı itiləmək belə yasaqdır.
Sputnik Azərbaycan-ın fotomüxbiri Bakının Yasamal rayonunda qurbanlıq heyvanların toplandığı və kəsilib satıldığı yerlərin şəkillərini çəkib. Şahidlərin dediklərinə görə, bu günlərdə eyni mənzərə ilə paytaxtın istənilən göşəsində rastlaşmaq mümkündür. Bəzi yerlərdə satıcılar hətta heyvanların kəsimi üçün xüsusi şərait yaratmağı belə lazım bilmirlər. Heyvanları birbaşa nəqliyyatın hərəkət etdiyi yolun bir hissəsində yerləşdirir və elə oradaca kəsirlər.
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakıda və bir sıra regionlarda xırda və iribuynuzlu heyvanların satış yarmarkaları təşkil edilib. Yarmarkalar avqustun 21-dən 23-dək üç gün müddətində — Qurban bayramı günlərində fəaliyyət göstərəcək. Onlara nəzarəti Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir. Biz Bakı və region sakinlərini Bakı küçələrində və yol qıraqlarında antisanitar vəziyyətin hökm sürməsinin qarşısını almaq məqsədilə qurbanlıq heyvanları və əti bunun üçün xüsusi təşkil olunmuş yerlərdən almağa çağırırıq.
Qurban bayramı İslam dünyasının ən müqəddəs bayramlarından biri sayılır. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.
Sputnik Azərbaycan bütün oxucularını bayram münasibətilə təbrik edir, onlara can sağlığı arzulayır.