RUSİYA

Rusiyanın Azərbaycandakı səfiri qarşısındakı bir nömrəli vəzifəni açıqladı

Mixail Boçarnikov, həmçinin Azərbaycanın rəsmi dairələri və ictimaiyyəti ilə sıx əlaqələr qurmaq, ölkə ilə tanış olmaq niyyətindədir
Sputnik

BAKI, 20 avqust — Sputnik, Aleksandra Zuyeva. Azərbaycan və Rusiya prezidentlərinin əlaqələri iki ölkə arasındakı əməkdaşlığın əsas göstəricilərindən biridir. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Diplomatın sözlərinə görə, onun qarşısındakı bir nömrəli vəzifə iki ölkə liderləri arasında əlaqələri hazırlamaqdır.

Rusiya səfiri etimadnaməsinin surətini XİN başçısına təqdim etdi

"Bizim gündəlikdə duran məsələ Gəncədə noyabrın əvvəlində millətlərarası əməkdaşlıq forumunun keçirilməsidir. Söhbət iki ölkənin biznes strukturlarının, nazirlik təmsilçilərinin iştirakı ilə irimiqyaslı tədbirdən gedir", — Boçarnikov bildirib.

Bundan əlavə, səfirin sözlərinə görə, ilin sonunadək Azərbaycan və Rusiyanın iqtisadiyyat nazirlərinin həmsədr olduqları hökumətlərarası komissiyanın iclası keçirilməlidir. "Bu vəzifələr mənim ilin sonunadək həyata keçirəcəyim fəaliyyətin birinci mərhələsinə daxildir", — səfir deyib.

Bundan əlavə, Mixail Boçarnikov Azərbaycanın rəsmi dairələri və ictimaiyyəti ilə sıx əlaqələr qurmaq, ölkə ilə tanış olmaq niyyətindədir.

Diplomat qeyd edib ki, artıq Qəbələni və Dağıstanla həmsərhəd bölgələri ziyarət edib.

Rusiya səfiri, həmçinin azərbaycanlıları Qurban bayramı münasibəti ilə təbrik edib.

O, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan vətəndaşlarının ölkədəki multikulturalizmdən faydalandıqları barədə fikirlərini xatırladıb. 

"Bu multikulturalizm, bu tolerantlıq ölkəyə nüfuz gətirir", — diplomat deyib.