İtirən də bəlli, itirilən də: Durumdan "simanı itirmədən" çıxmaq mümkün olacaqmı?

Bütün amillər Türkiyə-Rusiya-İran üçbucağının formalaşdırılması prosesini daha da aktual edir...
Sputnik

BAKI, 18 avqust — Sputnik. Türkiyə və ABŞ arasında yaşanan "soyuq savaş"ın tezliklə səngiməyəcəyi şübhəsizdir. Hətta bəzi araşdırmaçıların fikrincə, proses Türkiyənin NATO-nu tərk etməsi ilə yekunlaşa bilər. Qeyd edək ki, Ankaranın öz geosiyasi kursunu dəyişəcəyi, hətta NATO-nu tərk edəcəyilə bağlı proqnozlar əvvəllər də dəfələrlə səslənib.

Artıq Ərdoğanın adı ABŞ-ın düşmənləri siyahısına düşməkdədir. Türkiyədə baş verən dövlət çevrilişi cəhdi, bundan sonra Gülənin təhvil verilməməsi Ankara ilə Vaşinqton arasındakı münasibətləri bir az da soyutdu.

ABŞ-Türkiyə mübahisəsinin əsl qalibi bilindi

Məsələ ondadır ki, ABŞ-ın Yaxın Şərqdəki əsas hərbi müttəfiqi və NATO üzvü statusu ilə çərçivələnən geosiyasi sərhədlər Türkiyəyə dar gəlir, ölkə çevrəsini bir az da genişləndirməyə, daha çox müstəqil olmağa can atır. Amma bu kontekstdə başqa amili də qeyd etmək gərəkdir. Avropanın Ankaraya qarşı soyuq münasibəti, onu illərcə Avropa Birliyinin kandarında saxlaması, hətta NATO daxilindəki qeyri-səmimi münasibətlər yerli mühafizəkarların¸ ən əsas da dinçi və milliyətçi siyasi qüvvələrin mövqelərini gücləndirməli idi, elə "R.T.Ərdoğan fenomeni" də qismən bundan qaynaqlandı.

Bu gün Türkiyənin Rusiya ilə daha sıx münasibətlər qurmaq cəhdi ABŞ-ı qıcıqlandırır. Ümumiyyətlə, qardaş Türkiyənin son illərdə yürütdüyü xarici siyasətə nəzər yetirəndə, onun geosiyasi çabalarını daha diqqətlə izləyəndə başa düşmək olmur ki, bütün bunlar Türkiyə üçündür, yoxsa Ərdoğan doğrudan da yalnız öz maraqlarına oynayır? Araşdırmaçılar əmindirlər ki, Ərdoğan Türkiyə cəmiyyətinin birləşdirici amilinə çevrilir.  Lakin Ankaranın Vaşinqtonla münasibəti get-gedə daha da pisləşir. İndi hər kəs özünə bir sual verir — Türkiyə-ABŞ müstəvisində nələr olacaq?  Əgər Ankara Moskva ilə tam anlaşa bilsə, bu, mili təhlükəsizliyin birgə təminatına çevriləcək və ABŞ Türkiyəni itirəcək. Türkiyə tarixində bənzər proseslər yaşanıb. 1960-cı il çevrilişi nəticəsində postundan uzaqlaşdırılan və ölüm cəzasına məhkum edilən Türkiyə baş naziri Adnan Menderes ABŞ-la məsafə saxlamaq və SSRİ ilə dost olmaq kursu götürmüşdü. ABŞ onu hakimiyyətdən uzaqlaşdırdı və edam etdi.

Düzdür, artıq Vaşinqtonun proseslərə bu qədər təsir etmək gücü qalmayıb. Əslində, Birləşmiş Ştatlar öz maraqlarına zərbə vurur. Türkiyənin ABŞ-la indiki qarşıdurmada Rusiya amilindən istifadə etdiyi daha bir kəskin süjet xətti paralel inkişaf edir. Ankara amerikalıların Rusiyanın S-400 zenit raket kompleksinin alqısından imtina etmək tələbinə əməl etmədikdən sonra ABŞ Konqresinin palataları milli müdafiə haqda qanuna F-35 qırıcılarının Türkiyəyə tədarükünü yasaqlayan paralel düzəlişlər etdi.

ABŞ-Türkiyə qapalı danışıqlarının detalları açıqlandı

ABŞ Ərdoğandan nə tələb edir? Görünən tərəflər bunlardır.  Pastor Bransonu və 2016-cı il iyul dövlət çevrilişi haqda iş üzrə həbs edilmiş daha 20 adamı azad etmək, ABŞ-ın İrana qarşı geniş sanksiyalarına qoşulmaq, Rusiyadan S-400-ləri almaqdan imtina etmək, Fətullah Gülənə qarşı təqiblərə son qoymaq, Qüds siyasətinə yenidən baxmaq,  Kipr adası ətrafında qaz və neft axtarışından imtina etmək, "Xalqbank"a tətbiq ediləcək cəzaya razı olmaq. Göründüyü kimi ağır şərtlərdir. Habelə, Türkiyə sahib olduğu önəmli mədənlərdə lisenziyaları ABŞ şirkətlərinə verməlidir. Bir sözlə, Ankaraya qarşı açıq təhdid mesajları gündəmdədir.

Beləliklə Ankara və Vaşinqton arasındakı münasibətlərdə indiki böhran Ankaranı diz çökdürmək niyyətindən qaynaqlanır. Türkiyə-Amerika münasibətlərində dönüşlər çox olub. Lakin bu dəfə  qarşılıqlı etibar itib, hər şeydən qabaq Yaxın Şərqdə maraqların müxtəlifliyi ilə bağlı qarşılıqlı şübhələr formalaşıb. Vaşinqton və Ankaranın "simanı itirmədən" belə bir durumdan çıxması artıq imkansız görünür. Məhz buna görə də, şübhə yoxdur ki, ən yaxın gələcəkdə bizi hər iki tərəfdən hələ xeyli sürpriz gözləyir. ABŞ Türkiyəni içəridən parçalaya bilmir, odur ki, terror, lirənin ucuzlaşması, iqtisadi sabotajlara əl atır. Bütün bu amillər isə Türkiyə-Rusiya-İran üçbucağının formalaşdırılması prosesini daha da aktual edir…