HADİSƏ

Baş Prokurorluq: Sahibkarlardan rüşvət tələb edən şəxslər həbs edilib

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir
Sputnik

BAKI, 15 avqust — Sputnik. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edən şəxslərlə bağlı cinayət işi başlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.

"Lakin, təəssüflər olsun ki, bəzi şəxslər tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edilərək kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edib əsassız tələblər irəli sürməklə dövlət orqanının nüfuzuna xələl gətirilməsinə cəhdlər göstərilir.

Baş Prokurorluq Bakının dörd rayonunda vəzifəli şəxslərə qarşı cinayət işi başladı

Belə ki, Qida Təhlükəsizliyi Agentliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Rzayev Elnur Qadir oğlu və Vəliyev Səfər Məhəmməd oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə uzun müddət ərzində mütəmadi olaraq, Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında fəaliyyət göstərən ərzaq mağazaları sahiblərinə özlərini Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları kimi təqdim edərək, mağazalarda yoxlama aparılmaması müqabilində sahibkarları rüşvət verməyə təhrik edərək onlardan pul almasına dair əsaslı şübhələr müəyyən edildiyindən, E.Rzayev və S.Vəliyevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və 361-11-76, 361-11-48 nömrəli və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və 377-00-77 nömrəli telefonlar vasitəsi ilə məlumat vermələrini xahiş edir.

Eyni zamanda bildiririk ki, dövlət orqanların nüfuzuna xələl gətirməyə cəhd göstərən şəxslərin qanunsuz əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq" — məlumatda qeyd olunub.