HADİSƏ

Bakıda kişi qonaqlara bıçaqla hücum edib

Avqustun birinci yarısında Bakıda 6 nəfər bıçaqlanıb
Sputnik

BAKI, 15 avqust — Sputnik. Nəsimi rayon Polis İdarəsinin əməkdaşları respublikanın regionlarından paytaxta qonaq gəlmiş şəxslərə ağır bədən xəsarəti yetirildiyinə dair faktı qeydə alıblar. Bu barədə Sputnik Azərbaycan-a Nəsimi rayonunun hüquq-mühafizə orqanları məlumat verib.

Məlumata görə, avqustun 14-ü saat 01:40 radələrində paytaxtın Alı Mustafayev küçəsindəki 10 nömrəli binanın qarşısında naməlum şəxs 1983-cü il təvəllüdlü Cəlilabad sakini Babayev Bəhruz Əvəzağa oğluna və 2001-ci il təvəllüdlü Şamaxı rayon sakini Heybətov Fəxri Şahin oğluna bıçaq zərbələri endirməklə ağır xəsarət yetirib. Hər iki zərərçəkmiş Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər Babayevin vəziyyətini xüsusilə ağır qiymətləndirirlər. O, sinə nayihəsindən bıçaq zərbəsi alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, cinayətin üstü hələlik açılmayıb və faktla bağlı heç kəs saxlanılmayıb. Hazırda cinayət-axtarış şöbəsinin əməkdaşları paytaxtın qonaqlarına hücum edən adamın şəxsiyyətini müəyyən etməklə məşğuldur. Ağır bədən xəsarətləri yetirmək faktı ilə bağlı AR Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, avqustun birindən indiyə qədər Bakıda bədənə ağır xəsarət yetirməklə bağlı 6 fakt qeydə alınıb. Onlardan 5-nin üstü açılıb.