BAKI, 14 avqust — Sputnik. Abşeronda maraqlı hadisə baş verib.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Qobu qəsəbəsinin sakini 1964-cü il təvəllüdlü Quliyeva Reyhan Məhərrəm qızının səhhəti kəskin pisləşdiyi üçün yaşadığı ünvana həkim briqadası çağırıldığı, lakin yolun keçilməzliyi səbəbilə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) avtomobili çağırış olan əraziyə çata bilməməsi ilə bağlı məlumat daxil olub.
Belə ki, daxil olmuş məlumatla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər xəstəni xərəklə TTTYS-nin avtomobilinin olduğu əraziyə çatdıraraq həkim briqadasına təhvil verib. Əməliyyat başa çatıb.