BAKI, 14 avgust — Sputnik. Haqqında 1 mart hadisələri ilə bağlı axtarış elan olunmuş Ermənistanın keçmiş müdafiə naziri hazırda Moskvada gizlənir.
Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə "Qraparak" qəzeti öz mənbələrinə istinadla bildirib.
Sabiq müdafiə naziri Mikael Arutyunyan haqqında iyulun əvvəllərində 1 mart 2008-ci il hadisələri ilə bağlı axtarış elan edilib.
"Mənbənin məlumatına görə, hüquq-mühafizə orqanları da Arutyunyanın olduğu yeri bilir, lakin onu saxlaya bilmir. Çünki Arutyunyan Rusiya vətəndaşıdır" — qəzet yazıb.
Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan deyib ki, onlar Arutyunyanın Rusiya vətəndaşı olub-olmadığını yoxlamaq niyyətindədir.
Xüsusi İstintaq Xidməti 2008-ci ildə keçirilən prezident seçkiləri zamanı Ermənistanın müdafiə naziri olmuş Mikael Arutyunyan haqqında axtarış elan edib. Sonra onu qiyabi həbs ediblər.
Xatırladaq ki, Arutyunyan 2008-ci ilin 1-2 mart hadisələri zamanı 10 nəfərin öldürülməsində günahlandırılır. Həmin vaxt keçirilən prezident seçkilərindən sonra Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarları Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələri tanımaqdan imtina edərək Yerevanın küçələrinə çıxmışdı. Paytaxtda nümayişçilərə qarşı hərbi silahlardan istifadə edilməklə 10 nəfər öldürülüb. Həmin vaxtdan 10 il keçməsinə baxmayaraq, indiyədək qətlin təşkilatçılarından və icraçılarından heç kəs cəzalandırılmayıb.
XİX-in verdiyi məlumata görə, iyulun 3-də 1-2 mart 2008-ci il hadisələri zamanı törədilmiş cinayətin araşdırılması ilə məşğul olan istintaq qrupunun rəhbəri Konstitusiya quruluşunu güc tətbiq etməklə pozduğuna görə o vaxtkı müdafiə naziri və digər vəzifəli şəxslərə qarşı cinayət işi açıb.
Arutyunyan haqqında axtarış edilib və onunla bağlı məhkəmə həbs qətiimkan tədbiri seçib.