HADİSƏ

Bakıda bank işçisinin evindən 50 min dollar oğurlanıb

Bakı sakini Elxan Məmmədovun Qara Qarayev küçəsindəki evindən 50 min dollar pul və qızıl-zinət əşyaları oğurlanıb
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Bakı sakini Elxan Məmmədovun Qara Qarayev küçəsindəki evindən 50 min dollar pul və qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Sputnik Azərbaycan-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Qarət avqustun 12-də həyata keçirilib. Hazırda RPİ-nin 24-cü polis bölməsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən adamın şəxsiyyətini müəyyən etməyə və onun sözügedən mənzilə daxil olma şəraitini araşdırmağa çalışırlar.

Polis həmçinin sözügedən oğurluq hadisəsi ilə bağlı KİV-də yayılan informasiyalara da aydınlıq gətirib. Həmin məlumatlarda bildirilirdi ki, qarət olunan evin sahibi Mərkəzi Bankın mühasibi Orxan Məmmədovdur. Lakin müəyyən edilib ki, Orxan Məmmədov Mərkəzi Bankın mühasibi yox, sıravi işçisidir. Oğurlanmış pullar isə onun atasına məxsusdur və polisə də məhz onun atası müraciət edib.

Faktla bağlı Nizami RPİ-də AR CM-nin 177.3.2 maddəsi ilə cinayət işi açılıb.