SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

“Davranış kitabçası” imzalanıb, heç kim heç kimin haqqını yeyə bilməyəcək

Konvensiyanın əsas ideyası budur ki, artıq Xəzərin statusu 5 ölkə arasında mübahisə mövzusu deyil, dəniz-gölün bölünməsinin ümumi prinsipləri müəyyən olunub və bundan sonra qonşu tərəflər arasında olan münaqişələr ikitərəfli qaydada həll edilməlidir
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik.

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti baş tutub.

Sputnik Qazaxıstan xəbər verir ki, sammitin yekununda Xəzəryanı ölkələrin prezidentləri — İlham Əliyev (Azərbaycan), Vladimir Putin (Rusiya), Nursultan Nazarbayev (Qazaxıstan), Həsən Ruhani (İran) və Qurbanqulı Berdıməhəmmədov (Türkmənistan) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

Bundan əlavə, beş ölkənin vəzifəli şəxsləri bu Konvensiyadan irəli gələn digər mühüm sənədlərə imza atıblar.

Sputnik Azərbaycan bu sənədin imzalanması, onun iqtisadi və siyasi nəticələri ilə bağlı ekspertlərlə həmsöhbət olub. 

Xəzər dənizi üçün həlledici gün gəlib çatdı

İmzalanan sənədi tarixi razılaşma adlandıran Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu Konvensiyanın Xəzər dənizinin statusuna dair sonuncu sənəd olmadığını bildirib: "Çünki bir neçə il əvvəl əldə olunan razılaşmaya əsasən, statusu təşkil edən məsələlərin mərhələli şəkildə həll olunması qaydası qəbul olunub. Ona görə də, mən imzalanan Konvensiyanı önəmli mərhələ olaraq qiymətləndirirəm. Bu mərhələ çərçivəsində beş ölkə öz maraqlarını bu və ya digər dərəcədə, kompromis şəkildə həll edə bilib. Rusiya və İranın strateji maraqlarına uyğun olaraq, Xəzər hövzəsinə daxil olmayan ölkələrin hərbi vasitələri bu regiona daxil olmamalıdır və bu da öz əksini dünən imzalanan Konvensiyada tapıb. Bu ölkələrin xarici siyasətində olan problemlər məhz bunu şərtləndirir".

"İkinci önəmli məsələ isə ondan ibarətdir ki, bu Konvensiyanın imzalanması ilə Xəzər hövzəsində olan təbii resursların istifadəsi öz hüquqi həllinə yaxınlaşıb. Düzdür, bu məsələ hələ tam olaraq öz həllini tapmayıb. Lakin bu Konvensiyasının imzalanması ilə yarana biləcək mübahisələri həll etmək üçün müəyyən hüquqi baza, əsas formalaşıb. Azərbaycan üçün önəmli hadisə odur ki, bu Konvensiyanın imzalanması ilə Transxəzər layihələri həyata keçirilə bilər. Əvvəllər reallaşması çətin görülən bu layihələr artıq sadə proseduralardan sonra həyata keçirilə bilər" — deyə sabiq nazir qeyd edib.

İranın ötən gün bağlanan Konvensiyanın bəzi şərtlərindən narazı qalması məsələsinə toxunan Tofiq Zülfüqarov vurğulayıb ki, bu, daha çox postsovet dövrünün inersiyasıdır: "Bu ölkənin ictimaiyyəti Xəzərin daha əvvəl – Sovet dövründə praktik bölünməsini SSRİ-nin İrana qarşı təzyiqi nəticəsində qəbul olunması ideyasından çıxış edirdi. İranın siyasi elitasının da bir qismi bu mövqeyi sərgiləyirdi. Lakin dənizin hüquqi statusu ilə bağlı yanaşma Azərbaycanın və digər Xəzəryanı ölkələrin sərgilədiyi mövqe – sərhədlər əsasında qurulmalıdır. İranın təklif etdiyi ədalətli 20% bölünməsi sərhədlər prinsipinə ziddir. Düşünürəm ki, bu konvensiyanın qəbulu İranın mövqeyini daha da reallığa və praktik səpgiyə çevirir və bu da olduqca pozitiv haldır. Bu istiqamətdə müzakirələr davam edəcək. Azərbaycanın Xəzərin statusuna dair Rusiya, Qazaxıstanla əldə etdiyi ikitərəfli razılaşmalar və Türkmənistanla əldə edəcəyi razılaşma bir president yaradır və bu, İranın mövqeyinə təsir edəcək".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişilinin sözlərinə görə isə imzalanan Konvensiya ümumi prinsipləri müəyyən edir. Konvensiyanın əsas ideyası budur ki, artıq Xəzərin statusu 5 ölkə arasında mübahisə mövzusu deyil, dəniz-gölün bölünməsinin ümumi prinsipləri müəyyən olunub və bundan sonra qonşu tərəflər arasında olan münaqişələr ikitərəfli qaydada həll edilməlidir: "Bütün bu illər ərzində dəniz prinsipi ilə Xəzərin sektorlara bölünməsinə etiraz edən yeganə ölkə İran idi. Bu cür bölgüdə ona 10%-dən bir az artıq minimal və ən dərin pay düşürdü. Göl prinsipi ilə bölündükdə isə İran 20% paya iddia edirdi".

Onun sözlərinə görə, razılaşmanın imzalanmasından sonra həyata keçiriləcəyi gözlənilən Transxəzər kəməri Azərbaycan və Türkmənistana Avropa bazarlarına ildə 100 milyard m3 qazın ixracına imkan verə bilər.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə Konvensiyanın imzalanması nəticəsində Xəzərə qeyri-adi status verildiyinə diqqət çəkib: "Çünki ona nə BMT-nin 1982-ci il Dəniz Konvensiyası tam şamil edilmədi, nə də göllərin bölünmə mexanizmi burada özünü göstərmədi. Bir növ hər ikisindən götürülmüş hibrid bir mexanizmə rast gəlirik. Suyun üstünün bölünməsində dəniz prinsipləri Xəzərə uyğunlaşdırılıb. Dibin bölünməsində sektoral məsələ — orta xətt tövsiyə edilir”.

Xəzər dənizində ABŞ bazası? — Rəsmi Astana izahat verdi

Ekspert qeyd edib ki, İran bu razılaşmaya qarşıdır, imzalanan Konvensiya isə nəzərdə tutur ki, dənizin dibi tərəflərin qarşılıqlı razılığı əsasında bölünür. Yəni bu dinc mübahisə 100 il belə davam edə bilər.

İ.Şabanın xatırladıb ki, SSRİ dağılandan sonra Qazaxıstan, Azərbaycan və Türkmənistan sektoral bölgünün tərəfdarı kimi çıxış edib, hətta Azərbaycan 1995-ci il Konstitusiyasına edilən dəyişikliyə görə, Xəzərin Azərbaycan hissəsini özünün ayrılmaz hissəsi, onun sərhədlərini isə dövlət sərhədi kimi tanıyırdı. Azərbaycanın bu addımı Qazaxıstan və Türkmənistanı da bu cür addımlar atmağa sövq edirdi və nəticədə Rusiya üçün özünün gəmilərinin (əsasən də hərbi donanması üçün) sərbəst hərəkəti üçün Xəzərdə imkanlar kifayət qədər daralırdı: "Bu Konvensiya Rusiyanın strateji maraqları üçün hüquqi əsaslar verdi: 5 sahilyanı dövlət 15 dəniz mili olmaqla ərazi sularının koordinatlarını müəyyənləşdirir — bu ərazi həmin ölkələrin, eyni zamanda dövlət sərhədi hesab edilir. Daha 10 millik zona balıq ovu zonası kimi qəbul edilir. Yerdə qalan sular neytral sulardır — gediş-gəliş üçün sərbəst zona anlamına gəlir”.

Konvensiyanın imzalanmasının Azərbaycan üçün nə kimi üstünlüklər verməsini şərh edən ekspert qeyd edib ki, Azərbaycan dörd bir tərəfindəki Xəzər qonşuları ilə bir hüquqi davranış kitabçası əldə etdi: "Bir baxın, neftin qiymətləri 2014-dən enəndən sonra SOCAR Xəzərdə neçə Qərb şirkəti ilə müqavilə imzalayıb və neçəsi ilə danışıqlar aparır ki, bunları reallaşdırsın. Bəs qonşuları nə edib? Heç bircə müqaviləyə imza atıblarmı? Bu müddətdə Xəzərin o tayından Bakı-Ceyhan kəməri vasitəsi ilə, təqribən, 3 milyon ton neft daşınırdısa, ötən il bu həcm 6.4 milyon tona qədər artırıldı. Bu il tranzit həcmləri 6 ayda 5 milyondan bir qədər artıq olub. Azərbaycan əvvəllər Ceyhana ancaq Türkmənistan nefti daşıyırdısa, indi Qazaxıstan və Rusiyadan gələn həcmlər də əlavə olunub. Xəzərdə əməkdaşlıq bizim fəallığımıza bağlanır".