HADİSƏ

Dəhşətli qətlin üstü açıldı, qatillər tutuldu

Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir
Sputnik

BAKI, 13 avqust — Sputnik. Xəzər rayonu ərazisində törədilən qətlin üstü açılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini Səkinə Hümbətovanı bıçaqla qətlə yetirib. Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb.

Müəyyən edilib ki, qətl hadisəsi Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədilib. O, Bakı şəhər sakini Zülfiyyə Şiriyeva ilə birlikdə qadına məxsus "Mitsubishi" markalı avtomobildə hadisə yerinə gəlib. Hadisədən sonra isə həmin nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində ataraq gedib.

Həyata keçirilmiş tədbirlərlə ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunub.

Görülən tədbirlər zamanı Z.Şiriyeva da saxlanılıb. Onun əməlləri CM-nin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.