HADİSƏ

Keçmiş məhkum gənc ananı ərə getməkdən imtina etdiyi üçün öldürüb

Xəzər rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları gənc qadını xüsusi amansızlıqla qətlə yetirilən keçmiş məhkumu saxlayıb
Sputnik

BAKI, 13 avqust — Sputnik. Xəzər rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları gənc qadını xüsusi amansızlıqla qətlə yetirilən keçmiş məhkumu saxlayıb. Cinayət avqustun 10-da Buzovna qəsəbəsində törədilib. Buna səbəb cinayətin qurbanının ərə getməkdən imtina etməsi olub.

Xəzər RPİ-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, faktla bağlı 1991-ci il təvəllüdlü Ağsu rayon sakini Mərdanov Zəfər Rafiq oğlu saxlanılıb. Mərdanov əvvəllər AR Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 178-ci (Dələduzluq: xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə) maddələri ilə məhkum olub.

Sumqayıt şossesində növbəti qətl: Bu dəfə "Aşıqlar" kafesində

Sputnik Azərbaycan-ın daha əvvəl verdiyi məlumata görə, Mərdanov qəsəbəyə 1977-ci il təvəllüdlü tanışı Zülfiyə Şiriyevaya məxsus Mitsubishi markalı avtomobillə gəlib. O, Bakı sakini, 1994-cü il təvəllüdlü Hümbətova Səkinə Hüseyn qızına evinin qarşısında çoxsaylı bıçaq zərbələri endirib. Qətl qəsəbə ərazisində quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınıb. Daha sonra avtomobil Şağan qəsəbəsi ərazisində tapılıb.

Maşının sahibi Şiriyeva polis tərəfindən saxlanılıb. Məlum olub ki, qadın cinayətin şahidi olub. Mərdanov Hümbətovaya hücum edəndə o, maşında imiş. Şiriyeva ilə bağlı AR CM-nin 307-ci maddəsi (Cinayətin gizlədilməsi) ilə cinayət işi açılıb.

İstintaq zamanı qətlin hansı səbəbdən törədildiyi də məlum olub: öldürülən qadın Mərdanova ərə getməkdən imtina edibmiş. Hümbətovanın 1 azyaşlı övladı qalıb.

Mərdanova qarşı isə CM-nin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.