Amerika od tutub yanır

Yanğının cəmi 5 faizini lokallaşdırmaq mümkün olub
Sputnik

BAKI, 13 avqust — Sputnik. ABŞ-da meşə yanğınları yeni əraziləri əhatə edir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ən ağır vəziyyət Kaliforniyadadır. Burada 133 min hektar ərazidə meşə yanır. Yanğın yüzlərlə yaşayış evini məhv edib. Dəymiş zərər 100 milyon dollar məbləğindədir.

Kömək üçün digər ölkələrdən hərbi və xilasedici qruplar cəlb edilir.

Ötən həftə yanğını törətməkdə şübhəli bilinən 51 yaşlı Qordon Klark saxlanılıb. Əgər amerikalının günahı sübut edilsə, o ömrünün qalan hissəsini həbsxanada keçirəcək.

Qeyd edək ki, meşə yanğınlarına görə, 20 min sakin təxliyyə edilib. Ərazidə 14 minə yaxın yanğınsöndürən olsa da, yanğınla mübarizə aparmaq mümkün deyil. Yanğının cəmi 5 faizini lokallaşdırmaq mümkün olub.